İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı
və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüşüb.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
İqtisadiyyat naziri İsrail ilə diplomatik münasibətlərin
qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik
ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi
istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Nazir
Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad
edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib,
əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, İsrail
şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal
tərəfdaşlığa dəvət edib.
İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri
Oded Forer ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə
əməkdaşlığın inkişafına mühüm önəm verdiyini, İsrail şirkətlərinin
Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı
layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın
gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadiyyatın müxtəlif sferalarında, qida
təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı
və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf
perspektivlərini müzakirə ediblər.