İsrail hakimiyyəti Qəzza zolağının bütün sakinlərini Misirə köçürmək üçün kəşfiyyat planının olduğunu etiraf edib.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi İsrail Baş nazirinin ofisinə istinadla məlumat yayıb.
“İsrail etiraf edib ki, nazirliklərindən biri Qəzza zolağının 2,3 milyon sakininin Misirdəki Sinay yarımadasına köçürülməsi təklifini hazırlayıb”, – məlumatda qeyd olunub.
Agentlik bildirib ki, sənəd oktyabrın 13-də hazırlanıb.
“Baş nazir Benyamin Netanyahunun ofisi buna hipotetik plan kimi yanaşıb. Təhlükəsizlik xidmətləri ilə bu məsələ ilə bağlı əsaslı müzakirələr aparılmayıb”, – İsrail hökumətindəki mənbə agentliyə açıqlamasında deyib.
Qeyd olunub ki, planda Qəzza zolağının Fələstin Muxtariyyətinin nəzarətinə verilməsi və ya yeni anklav hökumətinin yaradılmasına dəstək vermək nəzərdə tutulmur:
“Sənəd Fələstində narazılığa səbəb olub. Fələstin Prezidenti Mahmud Abbasın sözçüsü bildirib ki, hakimiyyət Qəzza zolağının əhalisinin hər hansı yerə köçürülməsinə qarşıdır və planın həyata keçirilməsinə icazə verməyəcəklər”.
“Faynənşl Tayms” nəşri də yazır ki, İsrail Baş naziri Benyamin Netanyahu Avropa liderlərini Qəzzadan olan qaçqınları qəbul etmək üçün Misirə təzyiq göstərməyə çağırıb. Misir isə buna cavab olaraq bu qaçqınları AB ölkələrinə göndərməklə hədələyib.