İsrail heç kimin gözləmədiyi bir vaxtda İranın Suriya paytaxtındakı konsulluğunu vurdu və nəticədə SEPAH-ın iki generalı, beş zabiti öldü. Bəzi mənbələrdə üç generalın öldürüldüyü bildirilir. Son nəticədə bu generallar SEPAH-ın içərisində nüfuz sahibi olan və yəqin ki, bir sıra əməliyyatları koordinasiya edən şəxslərdir.
Bu sözləri AzerTimes-a İsrailin İranın Suriyadakı konsulluğuna hücum əməliyyatının texniki tərəfi, siyasi məqsəd və səbəbləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Polkovnik hücum əməliyyatının üç mümkün versiyasından bəhs edib:
“Rəsmi Təl-Əvivdən heç bir açıqlama verilməsə də, İran səfiri hücumun Qolan təpələrindən qalxan İsrail F-35 qırıcı təyyarəsi ilə edildiyini deyib. Bəs texniki olaraq bu mümkündürmü? Ortaya çıxan əsas suallardan biri səfirin əlindəki hansı əsasla belə qənaətə gəlməsidir. Açıqlanmadığı üçün bu haqda konkret nəsə demək mümkün deyil. Amma mövcud rəsmi mənbələr əsasında hazırda İsrailin əlindəki F-35 versiyasına Qolan təpələrindən Dəməşqdəki konsulluğu vurmaq üçün qoşulacaq uyğun qanadlı raketin olmadığını rahat şəkildə deyə bilərik. Fikrimcə, hücumun üç formada həyata keçirilməsi mümkündür. Birincisi, bunun F-16 qırıcılarından atıla bilən, 500 km uçuş mənzili olan və havadan yerdəki hədəflərin vurulması üçün nəzərdə tutulan qanadlı raketlərlə edilməsidir. İkincisi, hücum yerli və ABŞ istehsalı olan silahlı PUA-ların hədəfə yaxınlaşaraq qanadlı raket atması ilə də edilə bilər. Sonuncusu isə hücumun qurudan hansısa qurğudan atılan raketlə gerçəkləşdirilməsidir. Hücumun Aralıq dənizindəki ABŞ gəmilərindən də həyata keçirilməsi texniki olaraq mümkündür. Amma siyasi səbəblərə görə, bu ehtimal yox dərəcəsindədir. İran səfirinin F-35 açıqlamasının səbəbinə gəldikdə isə iki variantı qeyd edə bilərik. Birincisi, ABŞ-ı da işin içinə daxil etməkdir. Çünki hücumla demək olar ki, eyni vaxtda Konqresdə İsrailə 25-ə qədər F-35 qırıcısının, eyni zamanda 2000 poundluq (1 pound təxminən yarım kilodur –red.) bombaların verilməsi ilə bağlı qərar açıqlandı. Yəni səfir İsrailin konsulluğa hücumunu əsas gətirərək ABŞ-ı günahlandırmaq məqsədi güdə bilər. İkincisi də odur ki, Suriyada həm yerli, həm Rusiya, həm də İranın HHM sistemləri var. Səfir F-35 deməklə hücumun yüksək texnologiya ilə həyata keçirildiyini bildirmək və öz HHM sistemlərinin zəifliyini gizlətmək istəyə bilər”.
Sadiq Akyarın fikrincə, əsas sual İsrailin niyə bu addımı atmasıdır:
“Hazırda İsrail üzərində beynəlxalq təzyiq var. 25 martda BMT TŞ-də dörd daimi üzvün lehinə səsverməsi ilə atəşkəslə bağlı qətnamə qəbul edildi. Ancaq ABŞ bitərəf qaldı. Bildiyimiz kimi, BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi məcburidir və həyata keçirilməməsi halında müxtəlif formalarda cəzalandırma addımları atıla bilər. Bundan başqa Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddia əsasında məhkəmə prosesi davam edir. Digər tərəfdən ölkə içərisində Netanyahu hökumətinə qarşı etirazlar durmadan artır, ifrat sağçılar isə müharibənin davam etməsini istəyir. Sadaladığımız səbəblər fonunda münaqişənin miqyasını genişləndirmək niyyətində olan İsrailin bu yolla fikir yayındırmaq və beynəlxalq təzyiqi azaltmaq məqsədi güddüyünü düşünürəm. Yəni müharibənin artıq Qəzzadan çıxması və regional səviyyəyə keçməsi üçün çalışırlar. Bunlarla yanaşı ifrat sağçıların teoloji baxımdan istinad etdikləri dini mətnlərə görə, bəzi önəmli hadisələr aprel ayında baş verib. İçində olduğumuz aprel ayına əlavə məna yükü yükləyərək, müharibənin daha da şiddətlənməsi üçün sözügedən addımı ata bilərlər. İsrail İran konsulluğu ilə eyni gündə BMT missiyasının maşınını da vurdu. Son nəticədə atılan addımların müharibəni məcrasından çıxarması və Üçüncü Dünya müharibəsinə səbəb olması mümkündür”.
Alim qeyd edib ki, İranın buna cavabı çox önəmlidir:
“Əgər İran Suriyadakı qüvvələri ilə qurudan bir hərəkata başlasa, ABŞ İsrail tərəfdən prosesə daxil olacaq. Ancaq hazırda ABŞ Ukrayna müharibəsinə görə vəziyyətin nisbətən sakitləşməsi üçün addımlar atır. İran başqa bir çıxış yolu kimi husiləri İsrailə qarşı yeni hücumlara təhrik edə bilər. Müharibənin daha geniş və şiddətli fazaya girməsi isə İranın yaxın günlərdəki cavabından birbaşa asılı olacaq”.