İsrailin hücumu İrana tələdir – Tehran qorxur

İsrailin hücumu İrana tələdir – Tehran qorxur

Qisas məsələsində İranın əli elə bağlıdır ki, harada necə reaksiya verəcəyini bilmir. Məncə, İran hətta doğrudan da lazımi raketlərə sahib olsa belə, qisas üçün birbaşa İsrailə hücum etməyəcək. Çünki bu, fürsətdən istifadə edən ABŞ-ın birbaşa münaqişəyə daxil olmasına səbəb olar. Qeyd edim ki, bu gün ABŞ-ın həqiqətən də islam dövlətinin gələcəyinə dair elə də ciddi bir siyasəti yoxdur. Ancaq münaqişə yaranarsa və hər iki tərəf başabaş gələrsə, İsrailin regiondakı ən böyük dəstəkçisi ABŞ tez bir zamanda Konqresdə İranı düşmən elan edə və müharibə məsələsini gündəmə gətirə bilər.

AzerTimes xəbər verir ki, bunu iranlı siyasi ekspert Ələsgər Vətənxah Dəməşqdəki İran konsulluğunun vurulmasına Tehranın mümkün cavabını şərh edərkən deyib.

“Deyək ki, İran bu qisası regiondakı proksi qüvvələrinin köməyi ilə almağa çalışsa, artıq bunun cavabını təqribən 8 həftə əvvəl 3 amerikalı əsgərlərin öldürülməsi ilə nəticələnən hücumda ABŞ verib. Belə ki, o dövrdə biz Vaşinqtonun ciddiləşdiyini görən İranın proksi qüvvələrini təmkinli hərəkət etməyə dəvət etməsinin şahidi olduq. Vaşinqtonun reaksiyası Tehranı geri çəkilməyə vadar etdi. Ən son çarə olaraq İran ABŞ-ın regiondakı çox sayılı bazalarını vurmağa çalışa bilər. Lakin İranın bir bədbəxtliyi də ondadır ki, bu bazaları hədəf alsa, bu dəfə də BƏƏ kimi özünü bu oyundan kənar çəkmək istəyən tərəflər ABŞ və hətta İsrail ilə müttəfiqlik edə bilər. Bütün bunları nəzərə aldıqda İranın hansı “ciddi” addımlar atacağı və ağır qisası sual altında qalır”, – o bildirib.

Ekspert qeyd edib ki, bəziləri ABŞ-ın kiber hücumlar vasitəsilə İran atom sistemini məhv etməsi barədə fikirlər səsləndirir:

“Həqiqət odur ki, İranın nüvə sistemi bir neçə günə və ya həftəyə çökəcək bir sistem deyil. Hətta belə bir şey olsa belə, onlar tez bir zamanda öz gücünü bərpa edə biləcəklər. Və əgər həqiqətən İran belə bir güc əldə etsə, Tehranın qarşısını almaq çətin olacaq”.

Teqlər: