10:43
Qəzza zolağının mərkəzi hissəsində gedən döyüşlər zamanı 21 İsrail hərbçisi həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmisi Daiel Haqari məlumat verib.
Onun sözlərinə görə, yanvarın 22-də ÇAXAL hərbçiləri Qəzzadakı 2 ədəd ikimərtəbəli binaya daxil olaraq, oraya partlayıcı yerləşdiriblər. Həmin vaxt HƏMAS üzvləri tərəfindən orada olan İsrail tankına tank əleyhinə raketlə atəş açılıb. Eyni anda hər iki binada partlayış baş verib və hərbçilər dağıntılar altında qalıb.
İsrail Baş naziri Benyamin Netanyahu 21 hərbçinin ölümünü müharibənin əvvəlindən bəri ən çətin an adlandırıb və ölənlərin ailələrinə başsağlığı verib.
“Ordu hadisəni araşdırır. Biz dərs götürməli və əsgərlərimizin təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməliyik”, – Netanyahu bildirib.
Bəzi İsrail mənbələri hadisə nəticəsində 24 hərbçinin öldüyünü bildirir.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrailin HƏMAS-la apardığı müharibə zamanı həlak olan hərbçilərinin sayı 552-yə çatıb.