İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitter hesabında Güneylə bağlı diqqətçəkən paylaşım edib.
AzerTimes xəbər verir ki, səfir “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən çəkilən fotosunu bu sözlərlə paylaşıb:
“Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?”
Qeyd edək ki, İranın Ali dini lideri Əli Xamenei “Qarabağın Azərbaycana qaytarılmasından məmnunuq. Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur” deyə Tvitter səhifəsində bir tvit paylaşmışdı.
Ermənistan adlı dövlətin 1918-ci ildə yarandığı, Ermənistanla İran sərhədinin yaranmasına səbəb olan və Azərbaycanı Naxçıvandan ayıran Qərbi Zəngəzurun isə 1920-ci ildə Ermənistana qanunsuz olaraq verildiyi tarixi həqiqətdir. Bu baxımdan Xameneinin “min illərdir” sözü tarixi bilməmək və yaxud saxtalaşdırmaq kimi qəbul olunur.
İsrail səfiri isə Təbrizin tarixini oxumağı məsləhət bilir…