İdeal hava hücumundan müdafiə sistemi yoxdur. İsrail Dəmir Qübbə və ya “Hetz3” kimi son dərəcədə müasir hava hücumundan müdafiə sistemlərinin yaradılmasında uğur qazanıb, bununla belə, relyefə uyğun, aşağı hündürlükdə uçan, zəif görünən dronlar müəyyən şəraitdə İsrailin hava hücumundan müdafiə sistemində boşluqlar tapıb zərbələr endirməyə qadirdir. Hesab edirəm ki, İsrail məhz buna görə bir neçə zərbəni qaçırıb.
Bu sözləri AzerTimes-a hərbi ekspert, Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
Ekspetin sözlərinə görə, Binyamindəki İsrail hərbi bazasına Hizbullahın “Mirsad-1” PUA-ları ilə uğurlu hücumu HHMS-dəki müəyyən boşluqların nəticəsidir:
“Hücum və müdafiə vasitələri arasında həmişə bir yarışma var. Buna görə də İran və onun regiondakı proksiləri son dərəcə aşağı hündürlüklərdə uçan, radarla aşkarlanması çətin və ya ümumiyyətlə aşkar edilməyən kamikadze pilotsuz uçuş aparatları istehsalını təhmilləşdirir”.
Ekspertin sözlərinə görə, bu adi dronlardır və hər hansı bilmədiyimiz, qabaqcıl, ən son texnoloji avadanlıqlarla təchiz olunmayıb:
“Qeyd etmək lazımdır ki, müxtəlif növ dronların hazırlanması texnologiyaları vahiddir və konkret bir ölkəyə bağlı deyil. Yəni prinsipcə, bunlar kifayət qədər sadə texnoloji qurğulardır ki, müdafiə kompleksi olan istənilən inkişaf etmiş ölkə belə qurğuları təkmilləşdirib kütləvi istehsal edə bilər. Ona görə də burada xüsusi “nou-hau” yoxdur. Bir daha vurğulayıram ki, həddindən artıq alçaq hündürlükdə uçan və hədəflərə gecə hücum edən pilotsuz uçuş aparatını izləmək kifayət qədər çətindir, eyni zamanda, genişmiqyaslı hücum zamanı hava hücumundan müdafiə sistemləri bütün hədəfləri vurmaqda uğurlu olmaya bilər”.
Qeyd edək ki, 13 oktyabrda Hizbullah Hayfanın cənubundakı Binyamin hərbi bazasına dronla zərbə endirib. Nəticədə İsrailin 4 hərbçisi ölüb, 67 əsgəri yaralanıb.
PUA-nın radarlar tərəfindən görünməməsi və hava həyacanının işə düşməməsi isə suallar yaradıb.