Misir İsraillə HƏMAS arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif edib. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.
“İsrail rəsmiləri bir neçə yəhudi mediasına Misirin HƏMAS ilə müharibədə atəşkəs və Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan israilli girovların azad edilməsi üçün yeni təklif irəli sürdüyünü təsdiqləyib. Bəzi rəsmilərin fikrincə, İsrail təklifi qəti şəkildə rədd etməyib, layihə üzrə danışıqlar aparıla bilər”, – məlumatda deyilir.
Qeyd olunur ki, birinci mərhələ 40 girovun – qadınların, azyaşlıların və qocaların, xüsusən də xəstələrin azad edilməsi müqabilində döyüş əməliyyatlarının iki həftəlik dayandırılması nəzərdə tutulur:
“Bunun müqabilində İsrail 120 fələstinli məhbusu azad edəcək. Bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq, İsrail tankları geri çəkiləcək və Qəzzaya humanitar yardımlar gələcək.
İkinci mərhələdə İordan çayının qərb sahilində və Qəzza zolağında anklavın yenidən qurulmasına nəzarət edəcək, Fələstində parlament və prezident seçkisinə yol açacaq texnokratik hökumət formalaşacaq.
Üçüncü mərhələyə hərtərəfli atəşkəs, HƏMAS və “İslami Cihad” qruplaşması ilə əlaqəli İsrail həbsxanalarında olan fələstinli məhbusların əvəzində əsgərlər də daxil olmaqla, qalan israilli girovların azad edilməsi daxildir”.