İsraildə Ermənistanın təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.
Bu barədə AzerTimes-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiya “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı, Kiryat-Bialik şəhəri bələdiyyəsinin dəstəyi və şəhərin birinci vitse-meri Naxum Raçevskinin birbaşa iştirakı ilə baş tutub.
Aksiya iştirakçıları Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların dayandırılmasını tələb edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çağırıb. Ölkəmizin ərazilərində erməni işğalçıları tərəfindən minaların basdırılması və mədəni irsimizin məhv edilməsinə etiraz səsi ucaldılıb.
Aksiya zamanı İsrail və Azərbaycan bayraqlarını dalğalandıran icmamız ivrit və ingilis dillərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni əsgərləri olmamalıdır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan minaları hərbi cinayətdir!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər.
Yerli sakinlərə Ermənistanın son təxribatı nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin adlarını və fotolarını əks etdirən bukletlər paylanıb, şəhidlərimizin xatirəsinə şam yandırılıb.