İsrailin Azərbaycandakı səfiri Corc Dik minaya düşərək həlak olan iki azərbaycanlı jurnalistin ölümü ilə əlaqədar başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, bu barədə səfir öz “Twitter” səhifəsində yazıb.
Başsağlığında bildirilib: “Azərbaycanda Kəlbəcərdə minaya düşməsi nəticəsində iki jurnalistin ölüm xəbəri bizi çox kədərləndirdi. Bizim fikirlərimiz və dualarımız həlak olan ailələri ilədir”.
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.