Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İshaq Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Heydər Əliyev Mərkəzində olublar.
AzerTimes xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov İsrail Dövlətinin Prezidenti İshaq Hersoqa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.
İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi İsrail Dövlətinin Prezidentində böyük maraq doğurub.
Daha sonra Prezident xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.
Sonra İsrail Dövlətinin Prezidenti və xanımı “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı xalça kolleksiyası ilə tanış olublar. Ali qonağa “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı kitabı hədiyyə edilib.