Dünən İsrail hərbçiləri Suriyanın Əl-Kuneytra əyalətinə daxil olaraq, kiçik bir ərazidə möhkəmləniblər.
AzerTimes xəbər verir ki, bu barədə Suriya mediası yazıb.
Bildirilib ki, ÇAXAL-ın əraziyə girməsinin səbəbi buradan Qolan təpələrinin atəşə tutulması və Hizbullah döyüşçülərinin daşınması üçün istifadə edilməsidir.
Ehtimal olunur ki, israillilər Suriya ərazisində eni bir kilometr, dərinliyi yarım kilometr olan zonanı işğal ediblər. İsrail ordusu ərazidəki kənd təsərrüfatı obyektlərini söküb, tikanlı məftillər çəkib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İsrailin Əl-Kuneytra əyalətindəki əməliyyatları sentyabrın 22-də başlayıb. Əvvəlcə ÇAXAL sərhəd zonasını minalardan təmizləyib, sonra hərbçilər tankların və mühəndis texnikasının dəstəyi ilə 300 metr dərinlikdə Suriyaya daxil olaraq səngərlər qazıb.
İsrail ordusunun girməsinə Suriya heç bir müqavimət göstərməyib. Bundan əlavə, ərazidə Rusiya hərbçiləri də var. Onlar Qolan yaxınlığındakı mövqelərinin bir hissəsindən geri çəkiliblər, hazırda Əl-Kuneytra əyalətində yeni mövqelər yaradırlar.
Qeyd edək ki, ötən gün İsrail xüsusi təyinatlıları və zirehli texnikasının Qolan təpələrindən Kvadana kəndinə doğru Suriya sərhədini keçdiyi və yarım kilometr dərinlikdə yeni mövqelər tutduğu bildirilmişdi.