Təl-Əviv ABŞ-da yaşayan İran şahının oğlu Rza Pəhləvini İsrailə dəvət etməklə bir neçə məqsəd güdür.
AzerTimes xəbər verir ki, bu barədə fikirlərini Elxan Şahinoğlu bölüşüb.
“Birincisi, Təl-Əviv bununla İrandakı prosesləri dəqqətlə izlədiyini və insanların etirazına dəstək görüntüsü yaratmaq istəyir. Çünki Rza Pəhləvi özünü İrandakı etirazın xaricdəki liderlərindən biri kimi beynəlxalq aləmə tanıtdırmağa çalışır. Təsadüfi deyil ki, Rza Pəhləvi son aylarda Amerikanın müxtəlif şəhərlərində forumlar keçirib, açıqlamalar verib. Onun bu fəallığı diqqətə alınaraq Münhen Təhlükəsizlik Konfransına dəvət olunub. İkincisi, Rza Pəhləvini İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək. Bu Təl-Əvivin İran rejiminə müxalif olanlara mesajıdır ki, İsrail İranda rejim dəyişikliyinə hərtərəfli dəstək verməyə hazırdır. İsrail hakimiyyətinin şahın oğlunun səfərinin məqsədinin “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” kimi adlandırması buna sübutdir.
Üçüncüsü, Pəhləvi İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək. Bununla Təl-Əviv yəhudilərin farslara düşmən olmadığını göstərmək istəyir. Həqiqət bundan ibarətdir ki, şahın İranda hakim olduğu illərdə bu dövlətin İsraillə normal münasibətləri mövcud olub, xalqlar arasında nifaq yox idi. İslam inqilabından sonra dəyərlər dəyişdirildi”, – E.Şahinoğlu bildirib.
Ekspertin fikrincə, müxtəlif ölkələr və mərkəzlər Rza Pəhləvini ciddi fiqur kimi qəbul etməyə başlayıblar:
“Güneyli fəallar Rza Pəhləvinin İranın demokratikləşməsi və islahatları ilə bağlı vədlərinə inanmamaqda və ona dəstək verməməkdə haqlıdırlar. Onun atası bunun tərsini edib, azərbaycanlılara münasibətdə şahın mollalardan fərqi olmayıb. Buna baxmayaraq, Qərbdə Rza Pəhləviyə molla rejiminə alternativ kimi baxırlar. Bu, Rza Pəhləvinin artan fəallığı ilə bağlıdır. Bu amili diqqətə almaq lazım gələcək”.