İsrail müharibəsi İrana zərbə vuracaq – Türkiyə fəallaşır

İsrail müharibəsi İrana zərbə vuracaq – Türkiyə fəallaşır

Qəzza zolağında 2 milyona yaxın əhali yaşayır. Bu əhalinin əksəriyyəti “İslami-Cihad” və HƏMAS-ı dəstəkləyən ərəblərdir. Beynəlxalq hüquqa görə, Qəzza zolağı Fələstin ərazisidir. Lakin İsrail Fələstin dövlətinin varlığını qəbul etmir və ərazinin onun suverenliyi altında və ya muxtariyyət kimi mövcud olmasını istəyir. Ona görə də Türkiyə Prezidenti iki dövlətli həlldən danışır.

Bu sözləri AzerTimes-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

Cəfərsoyun sözlərinə görə, HƏMAS-ın İsrailə məhz 7 oktyabrda hücuma başlamasının simvolik səbəblərindən biri 1973-cü ildə baş vermiş “Yom Kippur” müharibəsinin 50-ci ildönümü ilə əlaqədardır:

“Uzun müddətdir tərəflər arasında ərazi iddiaları, İsrailin sərt siyasəti ilə bağlı narazılıqlar vardı. Bunlar müharibəyə təhrik edən amillərdən oldu. Belə toqquşmalar İsrail-Fələstin arasında son 70 il ərzində zaman-zaman baş verib. İsrail daxilində baş verən siyasi gərginliklərin də bu məsələdə öz rolu oldu. Ola bilsin ki, HƏMAS və “İslami-Cihad” ölkədaxili siyasi parçalanmadan öz lehinə istifadə etdi. Həmçinin, xarici faktor olaraq İranın da bu məsələdə rolunu qeyd etmək lazımdır. Proseslərin bu şəkilə gəlməsində İranın müxtəlif fəaliyyətlərinin ola biləcəyi istisna olunmur. Bununla bağlı fakt olmasa da, həm İsraildən, həm Qərbdən bu haqda açıqlamalar gəlir. İran da bu prosesləri dəstəklədiyini açıq şəkildə ifadə edir. HƏMAS onlara silah verdiyi üçün İrana təşəkkür edib. Bu da İranın bu proseslərdə olduğunu göstərir. Ancaq nə qədər proseslərin mərkəzində olduğu məchuldur. İran və hücum edən qruplar arasında ciddi münasibətlər var. Üstəlik, Livandakı Hizbullah hərəkatı da proseslərdə aktiv iştirak edir. Əslində bu da baş verənlərin arxasında İranın olduğunu ortaya qoyan müəyyən faktdır. Lakin İsrail bu proseslərdə hərbi və təbliğati mənada üstünlüyə malikdir”.

Politoloqun sözlərinə görə, savaşın alovlanması yeni gərginliklərə yol açacaq:

“Bu, İranın bölgədəki vəziyyətinin sorğulanmasına, yəni mövcud sistemin yıxılmasına dair fəaliyyətlərin artmasına səbəb olacaq. Çünki bu prosesdən əvvəl ABŞ və İran arasında müzakirələr gedirdi. Hər nə qədər müəyyən durğunlaşma olsa da, bu məsələ təmasları müəyyən müddətdə dayandıracaq. Bu proses ərəb ölkələrinin İsraillə yumşalmağa doğru gedən münasibətlərinə də təsir göstərə bilər. Bununla yanaşı, Livanda olan Hizbullah hərəkatı ilə də münasibətləri pisləşdirə bilər. Həmçinin bu, Rusiya və Türkiyənin bölgədə fəallıq göstərməsinə səbəb olacaq”.

Teqlər: