İsrail İrana mütləq hücum edəcək. Lakin bunun yaxın günlərdə olacağını düşünmürəm. Çünki İsrail kəşfiyyat məlumatları əsasında iş görür. Kəşfiyyatın qərarından asılı olaraq hücuma keçəcək. İran daxilində də xalqı hücumla bağlı hazırlayıblar. Yəni İran da İsrailin hücumunu gözləyir.
Bu sözləri AzerTimes-a SEPAH-ın azərbaycanlı eks-polkovniki Əli Rzayi İsrailin İranın hansı hədəflərini vuracağı ilə bağlı ehtimallardan danışarkən deyib.
Onun sözlərinə görə, hər şey İsrailin məqsədindən asılıdır:
“Sadəcə, Tehrana cavab xətrinə hücum edərsə, İranın itkiləri çox olmayacaq. Yox, əgər, niyyəti ciddi olsa, ölkədə rejim dəyişikliyinə də səbəb ola bilər.
İsrailin vuracaqları hədəfləri təxmin etmək olar. ABŞ nüvə obyektlərinin vurulmasını istəmir. İsrail də islam ölkəsinə böyük ziyan vurmaq istəsə, çalışacaq ki, vurduğu hədəflər uzunmüddətli problemlərə gətirib çıxarsın. Əsas hədəf İranın infrastrukturudur. Məqsəd isə İran daxilində rejimə qarşı xalq etirazlarını başlatmaqdır. Məsələn, elektrik stansiyaları hədəfdə ola bilər. Yanacaqdoldurama məntələri vurulacaq ki, benzin qıtlığı yaransın və maşınların hərəkətində problem olsun. Bu da xalqın gələcək günlərdə etirazına səbəb ola biləcək addımlardır. Pəhləviləri də hakimiyyətə hazırlayırlar və rejimi devirib, onları hakimiyyət başına keçirmək istəyi mümkündür”.
Polkovnik bildirib ki, dünya ölkələri bu münaqişənin alovlanmasını istəmir:
“Çünki İsrailin cavab zərbəsinə gərək İran yenə cavab versin və bu davamlı ola bilməz. Həm də ehtiyat edirlər ki, İran ətrafındakı ölkələrə hücum edəcək. Odur ki, İsrail ABŞ-ın məsləhəti ilə ciddi münaqişəyə gətirib çıxaran hədəfləri vurmayacaq”.