İlkin məlumatlara görə, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə endirməyib. İtkilər barədə də səhih məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın məsləhətini nəzərə alaraq, İrana məhdud zərbə endirib və Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin gecə saatlarında İrana hava zərbələrin endirməsini şərh edərkən bildirib.
“Məsələnin bununla yekunlaşıb-yekunlaşmayacağı Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Ona görə, İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə, Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu, son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsral qarşdurması yenidən qaçılmaz olacaq”, – politoloq vurğulayıb.
Qeyd edək ki, İsrail bu gecə F-35-lər də daxil olmaqla, 100-dən çox müasir döyüş təyyarəsi ilə 2 min km-dən İrana hava zərbələri endirib.