İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. Bundan bir neçə ay sonra ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Bu gün Bakıda və Quba rayonundakı Qırmızı Qəsəbədə təxminən 30000 yəhudi yaşayır. Dağ yəhudilərinin Azərbaycanda məskunlaşmaları isə, təxminən 1500 illik tarixə malikdir. Cari ilin may ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında mövcud olan sıx tərəfdaşlıq əlaqələrini bir daha nümayiş etdirir. Dövlət başçıları arasında keçirilən görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda da vurğuladı ki, bu səfər ikitərəfli əlaqələri daha da gücləndirəcək. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması faktı mövcud əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və qarşılıqlı əməkdaşlıq üçün yeni, daha geniş imkanlar yaradacaq.
AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
Deputat Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin effektivliyinin daha da artırılması məqsədilə İsraillə əməkdaşlığın əlavə imkanlar yaratdığını və bunun mühüm amil olduğunu qeyd edib: “Azərbaycan artıq uzun illərdir ki, İsrailin etibarlı xam neft təchizatçısı kimi çıxış edir. Təbii ki, bu da ölkələrimiz arasında məhz enerji sahəsində daha sıx əməkdaşlıq olduğunu göstərir. Hazırda interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar vəd edir. Öz çıxışında Prezident İlham Əliyev bu gün ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu və yaxın gələcəkdə bu rəqəmin daha da artacağını qeyd etdi. Dövlət başçısı ticarət dövriyyəsini şaxələndirməyin və onun sırf enerji amilindən asılılığının azaldılmasının nəzərdə tutulduğunu qeyd etdi. Həmçinin önəmli perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələrin reallaşdırılacağı qeyd olundu. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə edərək, özünün ixrac bazarını şaxələndirmək niyyətini açıqladı. Daha bir yeni əməkdaşlıq istiqaməti kimi, kibertəhlükəsizlik sahəsindəki çalışmalar diqqət mərkəzinə gətirildi. Qeyd olundu ki, artıq bu sahədə də fəal təmaslara başlanılıb. Müasir dünyada kibertəhlükəsizliyin artıq hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsi olduğu nəzərə alınarsa, bu istiqamətdə atılan addımların nə qədər əhəmiyyətli olduğunu görmək heç də çətin olmaz. Eyni zamanda bu sahədə gənc nəslin təlimi və tədrisi dövlətin öz məqsədlərinə nail olması və ölkənin təhlükələrdən etibarlı müdafiəsinin təşkili baxımından mühüm amil olacaq. Əlbəttə ki, həm Azərbaycanın, həm də İsrailin mövcud turizm potensialları nəzərə alınaraq, qarşılılıqlı turist axınının səviyyəsinin artırılması məsələsi də diqqətdən kənarda qala bilməzdi. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident iki ölkə arasında həftədə yalnız dörd aviareys olduğunu və bunun yetərli olmadığını qeyd etdi. İsraildə daha çox təqdimat imkanları yaradılmasının zəruriliyini vurğulayan dövlətimizin başçısı, nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verildiyini də bildirdi.”
K.Qafarov Azərbaycan-İsrail əməkdaşlıq əlaqələrində önəmli istiqamətlərdən birinin də səhiyyə sahəsi olduğunu vurğulayıb: “Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan ilə İsrail dövləti arasında effektiv əməkdaşlığın inkişaf etdirildiyi sahələrdən biri də məhz səhiyyə və tibb elmi sahəsidir. Məlumdur ki, İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Məhz bu amili əsas götürərək, bu ölkə ilə səhiyyə sahəsində əməkdaşlığın Azərbaycan üçün önəmli olduğunu deyə bilərik. Eyni zamanda, səhiyyənin nəzdində olan yüksək texnologiya sahələrində, o cümlədən virusologiya, mikrobiologiya və digər istiqamətlərdə ölkələrimiz arasında konsturiktiv əməkdaşlıq mövcuddur. Bundan başqa, İsraildə güclü əczaçılıq sənayesinin yaradıldığı, elmi-tədqiqat bazasının inkişaf etdirildiyi, dərman vasitələrinin istehsalı sahəsində innovasiyalar yüksək səviyyəyə çatdırıldığı üçün ölkələrimiz arasında əczaçılıq sahəsində də əlaqələr uğurla inkişaf etdirilir. Bu baxımdan may ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanması bu sahədə əməkdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirilməlidir”.