İsrail haqlıdır, İran faşist rejimidir: Bəs, Pəhləvi kimdir?

İsrail haqlıdır, İran faşist rejimidir: Bəs, Pəhləvi kimdir?

Benyamin Netanyahunun İran islam rejimini faşistlərlə müqayisə etməsi doğru yanaşmadır. Yəhudilər bir vaxtlar nasistlər tərəfindən soyqırıma məruz qalıb. İran da faşistlər kimi yəhudilərin Yer üzündən silinməsini istəyir. Lakin Tehran hökuməti təkcə İsrailə qarşı deyil, eləcə də İranda yaşayan qeyri-farslara da eyni münasibət bəsləyir.

Bu sözləri AzerTimes-a güneyli siyasi araşdırmaçı Rza Bəylər Netanyahunun İran hökumətini nasist adlandırmasına münasibət bildirərkən deyib.

Fars rejimini irqçi və şovinist bir sistem adlandıran araşdırmaçı hazırda milyonlarla azərbaycanlının bu sistemin zülmü altında əzildiyini diqqətə çatdırıb:

“Biz Güney Azərbaycan fəalları Tehran hökumətinin siyasətini faşist və irqçi rejim olaraq tanıyırıq. Yəhudilərin Avropada soyqırımından qısa müddət sonra Pəhləvi rejimi Güney Azərbaycanda türk kimliyi daşıyan 20 mindən çox insanı öldürdü. Yüz minlərə azərbaycanlı öz torpağından didərgin düşdü. 100 ildir İran adlanan ölkədə qeyri-farslar ayrı-seçkiliyə məruz qalaraq, öz milli haqlarından məhrum edilib.

İslam İnqilabından sonra, 1980-ci ildə Xomeyni və onun qurduğu sistem Güney Azərbaycanda Müsəlman Xalq Respublikası Partiyasını qanına boğdu. Təbriz və digər şəhərlərimizdə insanlar öldürüldü. Son 30 ildə milli fəallar və adi vətəndaşlarımız təqib olunub, naməlum şəkildə həyatlarını itirib”.

Ekspert həmçinin, Güney azərbaycanlıların Pəhləvinin İsrailə dəvət edilməsindən məmnun olmadıqlarını bildirib:

“Hər nə qədər Netanyahunun bu müqayisəsinə haqq versək də, Rza Pəhləvinin İsrailə, Holokost qurbanlarının Anım Gününə dəvət olunması anlaşılan deyil. Çünki Pəhləvilər də hazırkı molla rejiminin faşist siyasətindən heç də fərqlənməyib. Onun babası və atası azərbaycanlılara və qeyri-fars millətlərə qarşı nasistlər kimi davranıb. Milli ayrı-seçkilik səbəbindən kütləvi şəkildə soyqırım törədilib, millətlər fars şovinizminin qurbanına çevriliblər. Lakin Pəhləvi ata və babasının törətdiyi cinayəti qınamayıb, bu barədə bir kəlmə olsun, dilinə gətirməyib. Hətta onlarla fəxr edərək, ata və babasının etdiyi qanlı əməlləri qəhrəmanlıq nümunəsi kimi iftixarla sosial mediada yayıb, təbliğ edib. İndi ondan soruşan lazımdır ki, sən hansı haqla burada iştirak edib, Holokost qurbanlarını yad edirsən? Mən İsrailin bu addımına təəccüb edirəm. Pəhləvilərin qanlı cinayətinə göz yumaraq, ata və babası ilə eyni zehniyyətə sahibi olan bir adamı ölkəsinə niyə dəvət edib?”

Teqlər: