Oktyabrın 25-də İsrail hökuməti həftəlik iclasda səsvermə zamanı yəhudi dövləti ilə Bəhreyn arasındakı münasibətlərin normallaşdırılmasına dair razılaşmanı təsdiqləyib.
Xarici KİV-in yaydığı məlumata görə, Bəhreynlə müqavilə İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqlənib.
Xatırladaq ki, Bəhreynlə İsrail arasında diplomatik münasibətlərin qurulduğuna dair məlumat oktyabrın 19-da yayılmışdı. Krallığın Xarici İşlər naziri Abdel Lətif bin Rəşad az-Zayani bildirmişdi ki, müvafiq saziş yüksək rütbəli İsrail nümayəndə heyətinin səfəri zamanı Manamada imzalanıb: “Biz İsraillə diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışıq. Biz sülh və dialoq yoluna sadiqik, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh əldə edilməlidir. İki dövlətin – İsrail və Fələstinin birgəyaşayışına dair qərar beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə uyğun olaraq 2002-ci ildə əldə edilməli idi”.