İsrail Baş naziri Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin edib

Baş nazir Naftali Bennett Eyal Hulatanı Nazirlər Kabinetinin Milli Təhlükəsizlik müşaviri və İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) başçısı təyin edilməsinə qərar verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Bennett bu gün Eyal Hulatanın Milli Təhlükəsizlik Məsləhətçisi və MTŞ Başçısı təyin olunduğunu elan edib. E.Xulata, Mossadda (xarici kəşfiyyat) strateji planlaşdırma siyasət və texnologiya məsələlərinə nəzarət də daxil olmaqla bir sıra rəhbər və inzibati vəzifələrdə çalışıb.

İsrail Dövləti və onun təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən strateji və diplomatik əlaqələrin inkişaf etdirilməsindən və agentliyin geniş sahələrdə ehtiyaclarına uyğun texnoloji həllərin inkişafına cavabdeh olub. “Mossad”daki 23 illik fəaliyyətinə görə Hulata İsrail Təhlükəsizlik Mükafatına layiq görülüb”.

Mətbuat xidmətindən bildirilib ki, E.Hulatanın 45 yaşı var, evlidir, və üç övlad atasıdır: “O, Kfar Saba şəhərində yaşayır və Tel-Əviv Universitetində fizika üzrə fəlsəfə doktoru və Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir”. Təyinat İsrail hökuməti tərəfindən təsdiqlənməlidir.