İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks
Kaplunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları
Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Rektor
Elmar Qasımov BANM-də yüksək səviyyəli tədris və təhsil üçün
yaradılan şərait, Ali Məktəbin fəaliyyətindəki yeniliklər,
nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili
haqqında məlumat verib.

Qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayan
tələbələrin BANM-də təhsil aldığını vurğulayan rektor onların yerli
və transmilli şirkətlərdə, beynəlxalq səviyyəli müəssisələrdə
istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb. Elmar
Qasımov qeyd edib ki, məhz bunun nəticəsində BANM-in məzunları
ingilisdilli peşəkar kadrlar kimi irimiqyaslı yerli və xarici
şirkət və müəssisələrdə çalışırlar.

Qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rektoruna xüsusi
təşəkkür edən Aleks Kaplun Bakı Ali Neft Məktəbi kimi nüfuzlu,
beynəlxalq səviyyəli ali təhsil müəssisəsinin fəaliyyətini yüksək
qiymətləndirib.

Aleks Kaplun İsrail mütəxəssislərinin iştirakı ilə BANM-də
kibertəhlükəsizlik mərkəzinin yaradılmasını təklif edib. Ali
Məktəbin rektoru Elmar Qasımov bu təklifi yüksək qiymətləndirib və
bu sahədə işlərin sürətlənməsi üçün dəstək verəcəyini bildirib.

Teqlər: