İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafında yeni mühüm mərhələ başlayıb – Arye Qut

Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması İsrail dövlətində rəsmi Bakı tərəfindən səfirliyin açılması yolunda ilk addım oldu.

AzerTimes-ın məlumatına görə, bu barədə tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Amerikanın “Jewish Press” nüfuzlu yəhudi media platformasının və qəzetinin jurnalisti Raxel Avraama eksklüziv müsahibəsində bildirib.

İki həftə öncə, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılanda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Biz strateji münasibətlərimizdə yeni bir mərhələyə qədəm qoymuşuq. Bizim əməkdaşlığımızın güclü kökləri var, bizim münasibətlərimiz çoxsaylı təmaslar sayəsində möhkəmlənib və dərinləşib. Münasibətlərimizin möhtəşəm multikulturalizm və tolerantlıq ənənəmizə əsaslandığından qürur duyuruq. Bu, iki xalqın birgə uğurudur”.

“Avrasiyada heç bir ölkə İsraillə Azərbaycandan daha yaxın, isti, strateji, daha səmimi və dostluq münasibətlərinə malik deyil”, – deyən Arye Qut vurğulayıb ki, hazırda İsraildə Azərbaycan səfirliyi olmasa da, bu ölkə artıq otuz ildir Təl-Əvivlə möhkəm, çoxşaxəli və yaxın dövlətlərarası münasibətləri qoruyub saxlayıb.

Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda İsrailin mühüm strateji tərəfdaşının məhz Azərbaycanın olması və İsrail ilə hərbi-strateji tərəfdaşlıqdan hər cür texnoloji üstünlük əldə etməsi ilə barışa bilmir.

“2020-ci ilin dekabrında keçirilən Zəfər paradı, bunun şəxsən Azərbaycan Prezidentinin, igid Azərbaycan əsgəri və zabitinin, Azərbaycan xalqının hərbi, siyasi, mənəvi, texnoloji zəfəri olduğunu nümayiş etdirdi. Azərbaycan qalib dövlət olaraq, 27 illik erməni işğalı altında qalan əraziləri azad etdi və Cənubi Qafqaz regionunda artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü bütün dünyaya göstərdi. Ermənistan, sadəcə olaraq, Azərbaycanın İsrailin kritik strateji tərəfdaşı olması faktını qəbul edə bilmir”, – deyə Arye Qut Amerikanın tanınmış “Jewish Press” yəhudi media platformasına eksklüziv müsahibəsində vurğulayıb.

İsrailli ekspertin fikrincə, İsrail-Azərbaycan münasibətlərinin strateji və hərbi-texniki tərəfdaşlıq xarakter daşıdığını, iki ölkənin hökumətlərarası komissiyasının yüksək səviyyədə etimad və daimi qarşılıqlı dialoqa malik olduğunu vurğulamaq çox vacibdir.

Ekspertin sözlərinə görə, bu gün bu strateji tərəfdaşlıq, kənd təsərrüfatı, yüksək texnologiyalar, kibertəhlükəsizlik, səhiyyə də daxil olmaqla, iqtisadiyyatın digər sahələrində də öz əksini tapıb. İsrail dövlətinin dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu da vurğulamaq lazımdır.

“İki ölkə arasındakı münasibətlər təəccüb doğurur, çünki Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Buna baxmayaraq, azərbaycanlılarla yəhudilər arasında əbədi dostluq əsrlər boyu inkişaf edib. Bir çox digər xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudiləri əcnəbi hesab etmirlər və onlara cəmiyyətin ayrılmaz hissəsi kimi yanaşırlar. Azərbaycan, həm də zərdüştlər, xristianlar və yəhudilər daxil olmaqla, digər etnik qrupların da evidir. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək Yolu dövründən bu günə qədər ölkənin inkişafında çox böyük rol oynayıb”, – deyə israilli ekspert qeyd edib.

Arye Qut bildirib ki, 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri və İsrailin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi yardım Azərbaycanla İsrail arasında sıx və möhkəm hərbi-texniki və strateji tərəfdaşlığın olduğunu bir daha təsdiqləyib.

“Bu tərəfdaşlıq, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də vurğulanmışdı. Dövlət başçısı bildirmişdi ki, “Azərbaycan yəhudiləri ölkənin ictimai-siyasi həyatında mühüm, əvəzolunmaz və ayrılmaz rol oynayır və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verirlər”, – deyə Arye Qut qeyd edib.

Arye Qutun sözlərinə görə, Azərbaycanın 2020-ci ilin dekabrında Zəfər paradında İsrail silahlarının bir hissəsini, məsələn, 12.7 mm NSV pulemyotlu SandCat-Stormer zirehli maşınları, SPIKE-ER, NLOS, LAHAT tank əleyhinə idarə olunan raketləri, 120 mm SPEAR minaatanları, çoxsaylı PUA-ları (Orbiter-1KM, Orbiter-2B, Orbiter-3B, Orbiter-4, Aerostar-BP, Heron, Hermes-450, Hermes-900 və Harop) nümayiş etdirməsi faktı strateji tərəfdaşlığımıza paxıllıq edənlərə real və səmimi cavab idi.

“Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğradı. 44 gün ərzində “şanlı erməni ordusu”nun imici məhv edildi, bu işğalçı ordu isə darmadağın edildi. Üç ay əvvəl mən azad edilmiş ərazilərdə idim və ilk andan məndə elə təsəvvür yarandı ki, sanki işğal zamanı bu əraziyə qorxunc bir vəba gəlmişdi”, – deyə Arye Qut bildirib.

Demək olar ki, bütün azad edilmiş ərazidə nə bir ev, nə bir uşaq bağçası, nə bir məktəb, nə də bir kitabxana və bir muzey var idi. Bütün bu 27 il ərzində erməni işğalçı ordusu Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silərək, soyğunçuluq və vandalizmlə məşğul olurdu.

“Əvvəllər küçələr və evlər, məktəblər və muzeylər olduğu yerdə indi mən yalnız qapı və sütunlar gördüm, pəncərə çərçivələri sökülmüşdü. Bütün xarabalıqları ağaclar basıb. Əgər ermənilər bu əraziləri öz əraziləri adlandırırlarsa, niyə bu ərazilər xəyal şəhərlərə bənzəyir, niyə bu əraziləri çoxlu sayda tanklar üçün mina və tunellərlə tərk ediblər? Həqiqətən də ermənilər üçün Vətən bu qədər xəyal kimi görünür?”, – deyə Arye Qut Amerikanın nüfuzlu “Jewish Press” yəhudi media platformasına ritorik sual verir.

Arye Qutun sözlərinə görə, erməni vandalizminə və faşizminə baxmayaraq, Azərbaycan Respublikası qalib ölkə olaraq Qarabağın dirçəlişinə başlayır və Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiqtisadi planlar qurur.

“Ermənistanın işğalından azad edilmiş ərazilərdə qorxunc bir mənzərə gördük. Daş üstə daş yoxdur. Biz Qarabağa əsl həyatı qaytarmaq istəyirik. Biz artıq infrastruktur və hava limanının tikintisinə başlamışıq. Azərbaycan xalqı ən yaxşı texnologiyalara əsaslanan ağıllı şəhərlərə qayıdacaq, bu layihələrdə bir neçə ölkə iştirak edir və İsrail Qarabağda bizə həqiqətən də kömək edən ilk dövlətlərdən biri idi”, – deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildəki çıxışında qeyd edib.

Rəsmi Bakı İsrail şirkətləri ilə bütün sahələrdə sövdələşmələrin bağlanmasını planlaşdırır ki, bu da Qarabağ bölgəsinin dirçəlməsinə kömək edəcək. “Biz əminik ki, bu, ikitərəfli münasibətlərə böyük töhfə verəcək və yeni nailiyyətlərə səbəb olacaq. İsrailli investorları bu layihələrə qoşulmağa dəvət edirik. Biz hesab edirik ki, texnologiya, innovasiya, kosmos və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Biz, İsraildə nazirlər, nazirliklər və işgüzar dairələrlə keçirdiyimiz bütün görüşlərin hər iki tərəfdən qərar verən hökumət məmurlarının münasibətlərimizin daha da möhkəmlənməsi üçün bir stimula malik olduqlarını göstərdiyini faktını dəstəkləyirik”, – deyə nazir Mikayıl Cabbarov Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılış mərasimində vurğulayıb.

Arye Qut qeyd edib ki, bir İsrail vətəndaşı olaraq, Azərbaycan rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin yəhudi icmasına böyük dərəcədə hörmət və ehtiram nümayiş etdirməsindən qürur duyur. “Prezident İlham Əliyevin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq Azərbaycan Dağ Yəhudiləri Muzeyinin rəsmi olaraq açılışı planlaşdırılır. İsrail dövləti, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmadan, Azərbaycanla İsrail arasında sıx ikitərəfli strateji münasibətlər çətin ki mövcud olardı. İki ölkə arasında, eləcə də Azərbaycan ilə Azərbaycan yəhudiləri arasında münasibətləri sadə qarşılıqlı maraqla izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir dövlətlərarası münasibətlərdən keçir. Hər iki ölkə insani əlaqələr və müxtəlif və dini nöqteyi–nəzərdən dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti ilə doludur”, – deyə Arye Qut Amerikanın nüfuzlu “Jewish Press” yəhudi media-platformasına eksklüziv müsahibəsində bildirib.

Teqlər: