İsrail adından feyk: Məqsəd Bakı və Tehranı…

İsrail adından feyk: Məqsəd Bakı və Tehranı…

Xəbər verdiyimiz kimi, “İran İnternational” televiziya kanalı, habelə “Teleqraf” nəşri və “Kan” agentliyi Azərbaycan barədə informasiya manipulyasiyası həyata keçirərək, “İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə” dezinformasiya yayıblar.

Məsələ ilə bağlı AzerTimes-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu, məqsədyönlü şəkildə yayıılmış dezinformasiyadır.

Onun sözlərinə görə, belə məlumatları yaymaqda əsas məqsəd Azərbaycanı hədəfə gətirməkdir:

“Görünən odur ki, bu gün müəyyən güclər Azərbaycanı İranla üz-üzə qoymağa, rəsmi Bakını bir növ hədəfə çevirməyə çalışırlar. İsrail Azərbaycanda niyə hərbçi saxlasın ki? Ümumiyyətlə, onlar Azərbaycanda hansı funksiyanı yerinə yetirə bilərlər? Əlbəttə ki, pisniyyətli insanlar bunu İrana qarşı dəfələrlə istifadə edərək bildiriblər ki, sionist rejimin burada hərbçiləri var. Ancaq heç vaxt bu iddia öz təsdiqini tapmayıb. Uzun illərdir bu ətrafda yalan məlumatlar yayılır. Davam da edəcək. Biz bu cür hallara təəccüblü baxmamalıyıq. Müəyyən maraqlı qüvvələr bu dezinformasiyanı bilərəkdən tirajlayır. Sadəcə, onları ifşa eləmək lazımdır. Azərbaycanda İsrail hərbçiləri yoxdur və ola da bilməz”.

O, həmçinin, bənzər çağırışın mümkün ola biləcəyinə də toxunub:

“Əgər mən hərbçiyəmsə, xarici ölkəyə səfərə gedirəmsə, o ərazidə hər hansı bir təhlükə varsa, ölkənin borcudur ki, məzuniyyətdə, yaxud ezamiyyətdə olan hərbçilərinə geri qayıtması üçün çağırış etsin. İsrail də hərbi xidmətdə, yaxud güc strukturlarında çalışan və məzuniyyətə çıxaraq tətil üçün Azərbaycana, eləcə də digər qonşu ölkələrə gələn 10-15 hərbçisinə müraciət etmiş ola bilər. Bu, normal bir qaydadır. Ancaq bunu “Azərbaycanda və Gürcüstanda xidmət keçən israilli əsgər” kimi təqdim etmək və yaymaq gülüncdür”.

Teqlər: