Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniyanın Malyorka adasında yerləşən Palma şəhərinin hava limanı sərnişinlərin uçuş-eniş zolağına çıxması ilə əlaqədar üç saata yaxın fəaliyyətini dayandırıb.
Trend-in məlumatına görə, Mərakeşin Kasablanka şəhərindən İstanbula uçuş həyata keçirən təyyarə sərnişinlərdən birinin özünü pis hiss etməsi ilə əlaqədar İspaniyada eniş edib.
Həkimlərin müayinəsindən sonra sərnişinin sağlamlığında problem olmadığı müəyyən edilib. Eyni zamanda, 20-yə yaxın sərnişin təyyarəni tərk edib və aeroportdan uzaqlaşmağa çalışıb.
Polis insidentlə bağlı beş nəfəri saxlayıb, digərlərinin axtarışları davam etdirilir.
Qeyd olunur ki, həmin şəxslər İspaniyaya daxil ola bilmək üçün təyyarənin eniş etməsinə yol açıblar.
Hava limanı üç saatlıq fasilədən sonra işini bərpa etdirib.