İspaniya şirkətləri Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermək niyyətindədirlər.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
“Azərbaycan iqtisadiyyatına ən böyük töhfəni infrastruktur, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərən İspaniya şirkətləri verə bilər”, – XİN-dən bildirilib.
Nazirlik həmçinin İspaniya şirkətlərinin xüsusən İspaniya tərəfindən Azərbaycandan karbohidrogenlərin idxalı hesabına iki ölkə arasında ticarət kəsirinin azalması fonunda “yaşıl enerji” sektorunda əməkdaşlığın genişləndirilməsində, neft-qaz sektorunda mövcud tərəfdaşlığın gücləndirilməsində xüsusi marağını qeyd edib.
Bundan əlavə, mənbənin sözlərinə görə, yaxın illərdə İspaniya Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
“İspaniya 2019-cu ildə 84 milyon ziyarətçi ilə dünyanın ən böyük turizm məkanlarından biridir. Bu sektor bizim ÜDM-in 12 faizini təşkil edir. Bu kontekstdə və turizm sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin yollarından biri olduğundan ölkə İspaniya şirkətlərinin təcrübəsindən çox yararlana bilər”, – deyə XİN-dən bildirilib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda Madridə səfər edib. Azərbaycan və İspaniya arasında əməkdaşlığın inkişafı iki ölkə arasında iqtisadi əlaqələrin bütün potensialından istifadəyə töhfə verəcək”, – deyə Nazirlikdən əlavə edilib.