İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyi işçilərin maaşlarını azaltmadan dördgünlük iş həftəsi tətbiq edəcək kiçik və orta müəssisələrə 150 min avroya qədər vəsait ayıracaq.
AzerTimes xəbər verir ki, bu barədə RTVE teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, hökumətin təşəbbüsü yaxın günlərdə təqdim ediləcəyi gözlənilən pilot layihənin planında yer alıb. Şirkətlərdən iş həftəsini azı 10% azaltmaq və bu plana azı iki il əməl etmək tələb olunacaq. Təşəbbüsün 60-70 kiçik və orta müəssisəyə şamil ediləcəyi gözlənilir.
Layihənin ümumi büdcəsində 10 milyon avro vəsaitin ayrılması nəzərdə tutulub. Bu, krallıq hökuməti ilə “Mas Pais” partiyası arasında razılaşdırılıb.
Daha əvvəl Portuqaliya hökuməti də həm dövlət, həm də özəl sektorda dördgünlük iş həftəsinin tətbiqi ilə bağlı təcrübələr aparmağı planlaşdırdıqlarını açıqlamışdı. Eyni zamanda, “El Pais” qəzetinin yazdığına görə, Portuqaliya hökuməti obyektiv qiymətləndirmə əldə etmək üçün pilot layihədə iştirak edən müəssisələrə subsidiya verməyəcək.