Xəbər - Ləman Zeynalova – Trend:
Ümid edirik ki, Azərbaycanın neft-kimya sektorunda İspaniya şirkətləri üçün yeni layihələr olacaq.
Bunu AzerTimes-a İspaniya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Qeyd olunub ki, bir sıra İspaniya şirkətləri Bakıda neft emalı zavodlarının modernləşdirilməsi üzərində işləyir.
Əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı nazirlikdən bildiriblər ki, iki ölkənin ticari-iqtisadi münasibətləri üçün böyük potensial mövcuddur: “Əsas diqqət energetika, infrastruktur, telekommunikasiya, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrinə ayrılır. Bundan başqa, tikinti, memarlıq, şəhər planlaşdırması, tikinti materiallarının istehsalı, elektrik stansiyalarının yenilənməsi, eləcə də tibb sektoru kimi qarşılıqlı maraq kəsb edən sahələrdə yaxşı imkanlar mövcuddur”.
Nazirlikdən əlavə ediblər ki, pandemiyanın səbəb olduğu azalmadan sonra ikitərəfli ticarət axını bərpa olunmağa başlayır: “2021-ci ilin yanvarından bu günədək İspaniyadan Azərbaycana ixrac 6 milyon avroya bərabər olub. İdxal isə 31 milyon avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz azdır. Bu müddət ərzində ticarət kəsiri 25 milyon avroya çatıb”.
(Tərcümə: Orxan Nəbiyev)