İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)

İspandilli media – EFE informasiya agentliyi, İsveçrə ictimai teleradio yayım korporasiyasının (SRG SSR) SWI swissinfo.ch versiyası, aparıcı xəbər portalları oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edib.

AzerTimes xəbər verir ki, həmin materiallarda Füzuli Beynəlxalq Aeroportunun Qarabağın hava qapıları kimi vurğulanır. Oxucuların diqqətinə çatdırılır ki, Füzuli Aeroportuna Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üç hərfdən ibarət FZL kodu verib. Çox qısa müddətdə tikilmiş bu aeroport ən müasir naviqasiya avadanlığı ilə təchiz olunub. Uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istənilən tipli hava gəmilərini qəbul edə bilər.

Materiallarda bildirilir ki, Füzuli şəhəri təqribən 30 il erməni işğalı altında olub. Azərbaycan və Türkiyə liderləri Azərbaycanın cənub-qərbində mühüm avtomagistralın təməlini qoyub, digərinin isə tikintisində işlərin gedişi ilə tanış olublar.

Dövlət başçıları danışıqlardan sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Türkiyə Prezidenti regional əməkdaşlığın əhəmiyyətindən danışaraq deyib ki, əgər Ermənistan Azərbaycana səmimi münasibət göstərərsə, onda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına heç bir əngəl qalmayacaq. Bu region güclü logistik mərkəzə çevriləcək. Azərbaycanın bütün qonşuları, o cümlədən İran, Gürcüstan və Ermənistan bu mərkəzdən istifadə edə biləcək.

EFE agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlamasına da diqqət çəkir: “Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq”.

Teqlər: