İspan əsilli azərbaycanlı Torres kimdir?

İspan əsilli azərbaycanlı Torres kimdir?

İspan əsilli, Heydər Əliyev Sarayının keçmiş mətbuat katibi Rene Visente Torresin AzerTimes-a müsahibəsi:

– Sizə necə müraciət edə bilərəm?

– Adım Rene Visente Torresdir, Rene deyə bilərsiniz.

– Rene, deyəsən, Bakıda doğulmusunuz?

– Bəli, 1980-cı ildə Bakıda anadan olmuşam. Biz lap çoxdan köçmüşük bura, artıq 100 ildir. Rəhmətlik nənəm 1927-ci ildən burada yaşayır.

– Valideynlərinizdən hansısa azərbaycanlı deyil ki?

– Atam ispandır, anam yarıfars, yarırus.

– İspan olduğunuzu bilənlər necə qarşılayır? Azərbaycanca danışırsınız, görünüşünüz də xüsusi seçilmir.

– Çox adam inanmır. Adımı bilənlər əvvəlcə çaşırlar. Məktəb, universitet vaxtı daha çox olurdu. Harasa sənəd vermək lazım olanda daha da maraqla qarşılanıram. Soruşurlar ki, xarici vətəndaşsan? Amma vəsiqəmdə Azərbaycan vətəndaşlığını görəndə gülümsəyirlər.

– Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri olmusunuz…

– Bəli, 2000-ci ildə Sarayda işə başlamışam, amma mətbuat katibi kimi yox. Əvvəlcə işə maşinist olaraq qəbul edildim, sonra inzibatçı, nəzarətçi, daha sonra da rəis müavini, rəis oldum. Kompüter sistemləri şöbəsinin də rəisi olmuşam. Sarayın baş mütəxəssisi, daha sonra da Tədbirlərin təşkili üzrə şöbə rəisi keçdim. Amma keçən il işdən ayrılıb özəl sektora başlamışam.

– Bəs niyə jurnalistika ixtisasını seçmisiniz?

– Uşaqlıq arzum idi. O vaxt belə idi ki, əvvəlcə ixtisası seçirdin, sonra imtahan verirdin. Mən də təkcə jurnalistikanı seçdim. Rəhmətlik Şirməmməd Hüseynov, Ayaz Musayevdən dərs almışam. O vaxt qurumlarda rəsmi mətbuat xidməti yox idi, direktorun əmri ilə mətbuat katibi kimi çalışırdım. Jurnalist kimi qəzetlərə də yazırdım. Amma sonra şou-biznes, musiqi – jurnalistikadan bir az ayrıldım.

– İspan mətbuatını izləyirsiniz? Azərbaycan mətbuatında nə kimi fərqləri var?

– Deməzdim ki, davamlı izləyirəm, amma ümumi göz gəzdirirəm. Diplom işim internet jurnalistikası idi. 2004-cu ildə bu işi işləmək fantastik görsənirdi, çünki o vaxt internet indiki səviyyədə deyildi. İmtahan zamanı məndən soruşmuşdular ki, necə görürsən bu işin sonunu, qəzetlər qalacaq? Dedim, yox. Vaxt gələcək, kağız qalacaq, amma internetin operativliyinə qəzet də, televiziya da çata bilməyəcək. Elə də oldu.

– İspan əsilli olmaq sizə hardasa problem yaradıbmı?

– Qətiyyən, nə mən, nə də övladlarım, ailəm – heç bir problem yaşamamışıq. Onların da adları ispan adlarıdır. Sadəcə, maraqla, təəccüblə qarşılanıb. Bu da normaldır. Mədəniyyət Nazirliyində inzibatçı olanda nazir Polad müəllim idi. Maraqlanmışdı ki, işə xarici götürmüsünüz? Eyni sözü Əbülfəz müəllim də demişdi. Azərbaycan vətəndaşıyam, axı. Adımı çox vaxt “nikneim” bilirlər, izah edirəm ki, adım Renedir. Ümumi olaraq isə Azərbaycanda belə problemi heç vaxt görməmişəm. Görün nə qədər fərqli millətlər var? Ruslar, ingilislər, hətta ispanlar (gülür)…

Teqlər: