Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini işləmiş, istefada olan polis polkovniki Sadir Məmmədovun 20 noyabr Qarakənd hadisəsi ilə bağlı AzerTimes-a müsahibəsi:
– Sadir müəllim, Qarakənddə helikopter vurulan zaman siz də Qarabağda xidmətdə idiniz. Bu terror aktınadək orada ümumi vəziyyət necə idi?
– 1991-ci ildə bölgədə vəziyyət olduqca gərgin idi. 18 noyabrda ermənilər Xocavənd sakinlərini silah gücünə oradan çıxardı. Bölgədə mövcud olan Təşkilat Komitəsi öz təsir gücünü itirdiyi üçün respublika rəhbərliyi Ağdama nümayəndə heyəti göndərmək qərarı verdi. Həmin dövrdə ermənilər tərəfindən girov götürülən vilayət prokuroru Şükür Rzayevi qurtarmaq üçün Baş prokuror İsmət Qayıbov Xankəndidə idi. Mən də orada onunla birlikdə idim. 19 noyabrda İsmət Qayıbov həbsdə olan bir neçə erməninin Şükür Rzayevlə dəyişdirilməsinin təşkili üçün Bakıya getməli olduğunu mənə dedi. Elə həmin gün Bakıdan Ağdama böyük nümayəndə heyətinin gələcəyi məlumatını aldıq. İsmət Qayıbov gecə Ağdamda qaldı. O, gələn nümayəndə heyəti ilə Bakıya qayıtmaq qərarı verdi. Mən də onunla birlikdə paytaxta getməli və dəyişdiriləcək erməniləri əvvəlcədən təyin olunan yerə gətirməli idim.
– 20 noyabr günü nə oldu və helikopter necə vuruldu?
– 20 noyabr saat 11-də Bakıdan gələn nümayəndə heyətinin təyyarəsi Ağdam hava limanına endi. Dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə Ağdam rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Xuraman Abbasovanın iş otağında toplaşdıq. Tofiq İsmayılov nümayəndə heyətinin və Təşkilat Komitəsinin bütün üzvlərinin iclasda iştirakını tələb etdi, çox əsəbi halda keçmiş DQMV-nin komendantını soruşdu. Bir neçə dəqiqə sonra vilayətin hərbi komendantı Jinkin Nikolay Vladimiroviç, Daxili İşlər İdarəsinin rəisi Kovalyov Vladimir Vladimiroviç, prokuror Plavski İqor Aleksandroviç və vilayətin milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç otağa daxil oldu. Tofiq İsmayılov Jinkin və Kovalyovu ayağa qaldıraraq xeyli danladı. İclas günorta saat birə kimi davam etdi. Tofiq İsmayılov komendanta Xocavənddən zorla çıxarılan əhalini gün ərzində öz evlərinə qaytarmalı və həmin kəndə getməli olduğunu dedi. Komendant Jinkin isə əlində bir döyüş helikopterinin olduğu cavabını verdi.
Həmin gün hava çox təmiz idi. Saat 13:48-də helikopter havaya qalxdı. Şəhərə qayıdanda saat 16:00 radələri idi. Xuraman Abbasova ilə Rayon Partiya Komitəsinin qarşısında dayandığımız zaman helikopterin vurulduğu xəbərini aldıq. Vilayət hərbi komendantının müavini Kuşnarik Vladimir İqnatyeviçin sürücüsü Vidadi məni kənara çağırdı. O, Kuşnarikin hərbi hissəyə zəng edərək, “Polkovnik Sadir Məmmədova deyin, bütün təcili yardımlarını Martuni (Mərzili) postuna yığsın. Deyəsən, vertolyot vurulub” dediyini bildirdi.
– Helikopter vurulduqdan sonra nə baş verdi?
– Xəbəri aldıqdan sonra vaxt itirmədən həmkarım Mehman Nəzər oğlu Hüseynovla Ağdam Rayon Polis Şöbəsinə getdik, telefon və teletaypaqram vasitəsilə Daxili İşlər Nazirliyinin növbətçi hissəsində Kərim adlı şəxsə ermənilərin Xocavəndə gedən nümayəndə heyətinin olduğu helikopteri vurması haqqında məlumat verdim. Eyni zamanda Ağsu aşırımındakı avtomobil müfəttişliyinin növbətçi postuna da zəng edib məlumat verdim. Biz Mərzili postuna çatanda hava artıq qaranlıq idi. Səhra telefonu ilə hadisə yerində olan Kuşnariklə danışdım və hadisə yerinə gəlmək istədiyimi təkidlə bildirdim. Kuşnarik iki əsgərin müşayiəti ilə ora gəlməyimizə razı oldu. Bizi hadisə yerində qarşılayan Kuşnarik onsuz da helikopterə yaxınlaşmağın mümkün olmadığını və bir nəfərin də sağ qalmaq ehtimalının olmadığını dedi. Artıq Bakıdan istintaq qrupu yola düşmüşdü. Bizə Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin keçmiş sədri Viktor Petroviç Polyaniçkonun da yolda olduğu xəbərini verdilər. Səhər saat 4-5 radələrində biz Ağdamın 3 kilometrliyində yerləşən Uzundərə adlanan yerdə Polyaniçkonu qarşıladıq və Ağdam Rayon Polis Şöbəsinə getdik. Hadisə yerinə gedənlərin siyahısını mən hazırladım. Polyaniçko, DQMV-də fəaliyyət göstərən Vahid İstintaq-Əməliyyat Qrupunun rəhbəri Məbud Hüseynov, AzTV-nin bölgə müxbiri Allahverdi Əsədov, onun operatoru Tahir, işıqçı Arif Hüseynzadə və digərləri ilə birlikdə səhər saat səkkizin yarısında hadisə yerinə çatdıq. Bizdən sonra isə oraya Bakıdan göndərilmiş istintaq qrupunun rəhbəri Adil Ağayev və bir neçə nəfər gəldi. Mərhumlardan 12 nəfəri tam tanındı, 3 nəfəri xüsusi nişanələri ilə müəyyənləşdi, 7 nəfərin cəsədi isə helikopterdən götürülərək ekspertiza üçün tabutlara yerləşdirildi. Cənazələr Ağdam məscidinə gətirildi və dəfn üçün hazırlandı. Daxili işlər naziri Tofiq Kərimovun tapşırığı ilə Rusiyada gedən xoşagəlməz söhbətlərə son qoymaq üçün Jinkinin, Kovalyovun cənazələrini Gəncədən AN-24 təyyarəsi ilə apardım və dəfn mərasimlərində iştirak etdim.
– Tamerlan Qarayevin helikopterə minməməsi ilə bağlı bugün də müxtəlif fikirlər səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?
– Tamerlan Qarayevlə birlikdə mən də təyyarəyə minə bilmədim. Xocavənddən Ağdama gələn camaatın geri qaytarılması üçün komissiya qurulmuşdu. Zülfü Hacıyev komissiyanın sədri, Qurban Namazəliyevlə mən isə müavinləri idik. Xocavəndliləri yerbəyer etmək üçün biz bir gün əvvəl uçmalıydıq. Vaqif Cəfərov isə zəng edərək bir yerdə getməyimizi dedi. 22 nəfər Ağdama uçduq, müşavirə başladı. Müşavirə bitməmiş katibin otağında ikinci iclas başladı. Hamı bir-birini ittiham edirdi. İsmət Qayıbov ilə Tofiq İsmayılov isə rusları ermənilərin qarşısını almamaqda günahlandırırdı. İclasda Əsgəran yolunun kəsildiyi ortaya çıxdı. Tofiq müəllim əlini masaya vurub, “Xocavəndə getməliyik” dedi. Hamının ayağa qalxdığını gördüm. Tamerlan Qarayev isə nəsə yazırdı. Tamerlan Qarayevi Tofiq İsmayılov getməyə qoymadı və tapşırığını tamamlamağı tapşırdı. Lakin tapşırığın nə olduğunu bilmədim. Xocavəndə gedənləri helikopterə Məhəmməd Əsədov yerləşdirirdi. O, mənim qolumdan tutaraq, “Sən qal, adam çoxdur” dedi. Arxaya qayıdanda qaça-qaça helikopterə tərəf gələn İsmət Qayıbova da Məhəmməd Əsədovun məni qoymadığını dedim. O isə “Yaxşı qal, tez qayıdacağıq, axşam Bakıya uçarıq” dedi.
– Artıq Qarakənd terrorunun üzərindən 31 il ötür. Hələ də bununla bağlı söz-söhbətlər səngimir…
– Doğrudur, Qarakənd terroru Azərbaycan tarixinin ən acı səhifələrindəndir. Bir hüquqşünas kimi deməliyəm ki, Qarakənd terroru ilə bağlı müxtəlif versiyalara son qoyulmalı və hadisəyə vahid baxış müəyyənləşdirilməlidir. Ayrı-ayrı şəxslər Qarakənd hadisəsini özləri üçün manipulyasiya vasitəsinə çevirməməlidir. Belə neqativ hallar orda həyatını itirənlərin ailələrini, doğmalarını incidir. Allahdan Qarakənd terrorunda həyatını itirənlərə rəhmət, ailələrinə başsağlığı diləyirəm.