İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini Elman Dadaşov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman tərəvəz məhsullarının yetişdirildiyi istixanadan aqrotexniki qulluq göstərilmiş 11 ədəd çətənə kolu, eləcə də sellofan torbada qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri Cavanşir Süleymanov və Vüsal Heydərov saxlanılıb. V.Heydərovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən narkotik tərkibli çətənə bitkisi və 283 qram qurudulmuş marixuana, C.Süleymanovun həyətyanı sahəsindən 3 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə kolu qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.