Xalqımız Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm Zəfərin yaratdığı böyük ruh yüksəkliyi və Qələbə əhval-ruhiyyəsi ilə qarşılayır. Bu münasibətlə respublikamızın bütün bölgələrində silsilə tədbirlər təşkil olunur. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, təhlükəsizliyinin təminatçısı olan Ordumuzun keçdiyi çətin və şərəfli döyüş yoluna nəzər salınır, şəhid Vətən övladlarının xatirəsi ehtiramla yad edilir, Şəhidlər xiyabanları, əsgər məzarları, eləcə də şəhid ailələri ziyarət olunur, sərhədlərimizin keşiyində bu gün də mərdliklə dayanan Ordumuzun şəxsi heyəti ilə mütəmadi görüşlər keçirilir, Ordu ilə xalqın sağlam mənəvi birliyinin bundan sonra daha da mökəmləndiriləcəyinə əminlik ifadə olunur.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev parkında reallaşan “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbirdə nazirliyin və rayon icra hakimiyyətinin rəsmiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, onları qarşıdan gələn 26 iyun – Azərbaycan Ordusunun yaradılmasının ildönümü münasibətilə təbrik edib, Ordumuzun tarixi barədə ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il Azərbaycan xalqı və Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq respublikazmızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa qalxaraq 44 gün ərzində düşmənin dərsini layiqincə verdi, ona dəmir yumruğunun gücünü göstərdi. Bu, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarının son iki yüz il ərzində ilk dəfə güc yolu ilə azad edilməsinin bariz nümunəsidir.
Ən böyük qələbələrimizindən biri isə azad etdiyimiz Qarabağın incisi sayılan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalması və dünyaya elan edilməsidir. Müzəffər Ali Baş Komandanımızın və Müzəffər Azərbaycan Ordusunun sayəsində bu il 26 iyun gününü alnıaçıq, başıuca, qalib ölkənin vətəndaşı, qalib Ordunun əsgəri kimi qarşılayırıq.
Birinci Qarabağ müharibəsinin veteranı, hazırda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov deyib: “Mən ahıska türklərindənəm. Bir əsrdə taleyimizə dəfələrlə sürgünlük, min cür əzab – əziyyətlərə qatlaşmaq düşüb. Lakin biz sınmamışıq, heç kimin qarşısında əyilməmişik, gələcəyə ümidimizi üzməmişik. Ötən əsrin sonlarında Orta Asiyadan məcburi çıxarılanda Azərbaycana üz tutduq. Burada da çətinliklər yaşanmasına baxmayaraq Azərbaycan bizə qucaq açdı, öz doğma övladı kimi qarşıladı. Biz də bu torpağa ana dedik, uğrunda canımızdan, qanımızdan keçməyə hazır olduğumuzu bildirdik. Nankor erməni quldurlarına qarşı müqəddəs savaşlarda azərbaycanlı qardaşlarımızla bir səngərdə vuruşaraq onlarla şəhid verdik. Nəticəsi isə göz qabağındadır. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Mən fəxr edirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Müzəffər Ordunun döyüşçüsüyəm!”.
Ehtiyatda olan zabit Ə.Süleymanov əlavə edib ki, bu gün İsmayıllı rayonunda da hər kəs Vətənə məhəbbət, dövlətə, dövlətçiliyə, Müzəffər Ali Baş Komandanımıza sədaqət hissi ilə yaşayır. Sıravi vətəndaşdan dövlət məmurunadək hamı bir amal uğrunda birləşib. İsmayıllı sakinləri Vətən müharibəsi günlərində olduğu kimi, azad edilən şəhər və rayonlarımızda tikinti-quruculuq işlərində də fəal iştirak etməyə hazırdır.
Tədbirdə Birinci Qarabağ müharibəsində göstərdiyi igidlik və şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, ehtiyatda olan baş leytenant Taleh Nəcəfovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Məktəb direktoru vəzifəsindən könüllü imtina edərək Laçın uğrunda döyüşlərə yollanan, düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itkilər verən Taleh müəllimin oğlu miçman Fuad Nəcəfovun da Vətən müharibəsində atasının yolunu uğurla davam etdirdiyi, Cəbrayıl rayonunun yaşayış məntəqələrinin azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucaldığı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görüldüyü barədə danışılıb. Tədbir iştirakçıları qəhrəman atanı alqışlarla qarşılayıb, qəhrəman oğulu ehtiramla yad ediblər.
Vətən müharibəsinin ilk günündən qələmini süngüyə çevirən vətənpərvər şair, “İmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunun müəllifi olduğu “Azərbaycan əsgəri”, “Mənə də silah verin”, “Qələbə müjdəli şəhidlərimiz”, “İşimiz haqq işidir”, “Səbrimizin sonu yetdi”, “Zəfər meydanı” və digər şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb. Müəllif Azərbaycan əsgərini böyük həvəslə tərənnüm edib:
O qədər qürurluyam, başım çatır göylərə,
Önündə baş əyirəm, alnım dəyincə yerə!
Ana südü halaldır səntək oğula, ərə,
Əsir düşmüş torpağı yağıdan aldın geri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!
Şəhid kəşfiyyatçı Ruslan Tağıyevin atası Fuad Tağıyev nəzərə çatdırıb ki, bu yaxınlarda oğlunun ad günü Bakıda Müdafiə Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd olunub. Nazirliyin əməkdaşları, döyüşçü yoldaşları, ailə üzvləri şəhidin məzarını ziyarət edərək üzərinə əklil qoyub, xatirəsini yad ediblər. Onun qısa, lakin şərəfli həyat və xidmət yolu bir daha xatırlanıb. Qeyd olunub ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetirməsi olan polkovnik-leytenant R.Tağıyev nazirlikdə baş zabit vəzifəsində xidmət edib. O, döyüş bölgəsinə ezam edilərək kəşfiyyat rəisi kimi qarşıya qoyulmuş xüsusi tapşırıqların uğurla yerinə yetirilməsinə səy göstərib, 2020-ci il noyabrın 4-də Laçın rayonu istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub və dövlətimizin başçısının sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Bu günlərdə İsmayıllı şəhərində qəhrəman zabitin şərəfinə inşa edilmiş xatirə bulağının açılışı olacaq.
Ehtiyatda olan zabit Məmiş Səlimzadə 1994-cü il yanvarın 24-də ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Murovdağ uğrunda döyüşlərə yola düşüb. Göstərilən etimadı Vətənə sədaqətli xidməti ilə doğruldub. Oğlu Kənan da atasının yolunu seçib. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini hərbi feldşer ixtisası üzrə bitirdikdən sonra gizir rütbəsində tibb məntəqəsinin feldşeri kimi əsgərlərin sağlamlığı keşiyində durub. Müharibənin ilk günündə artilleriya atəşləri altında yaralılara ilk tibbi yardım göstərərək onları təxliyyə edərkən şəhid olub.
Şəhid atası deyib: “Mən Ulu Öndərimizin xeyir-duası ilə döyüşlərə yollandım. Təəssüf edirəm ki, torpaqlarımızı işğaldan azad etmək bizə qismət olmadı. Ancaq fəxr edirəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün ilk günündə şəhid olan oğlum Nihadın da intiqamı döyüş meydanında alındı və xalqımızın alın ləkəsinin silinməsində mənim də oğlumun payı var.”
Birinci Qarabağ müharibəsində düşmənin ondan çox tank və digər zirehli texnikasını məhv edən, xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülən artilleriya divizionunun komandiri ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, İsmayıllı rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Vüqar Novruzov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonda müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən geniş söhbət açıblar.
Sübhi Mürsəliyev, Famil Əhmədzadə, Saməddin Qəfərov, Famil Musayev, Novruz Həmzəyev, Ramil Musayev və başqa Vətən müharibəsi şəhidlərinin ailə üzvləri xatirələrini söyləyib, göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Vətən müharibəsi qaziləri Dilqəm Həmidli, Kamil Salmanov, Elvin Rəsulov dünən olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq ali məktəb məzunları Şaiq Cəfərov, Şöhrət Qasımov, Ceyhun İsayev və Röyal Şıxaliyev and içiblər ki, qəhrəmanların yolunu şərəflə, vicdanla davam etdirəcək, şəhidlərin yarımçıq ömürlərini də öz ömürlərinə qataraq Vətən torpaqlarının keşiyində ayıq-sayıq, mətin duracaq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Orduda xidmətdən böyük şərəf duyacaqlar.
Şəhid valideynləri çağırışçı gənclərə xeyir-dua verib, onların sağ-salamat geri qayıtmasını arzulayıblar.
Tədbir iştirakçılarına Abdulla Qurbaninin “Vətən müharibəsi şəhidləri” silsiləsindən Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr olunmuş birinci kitabının nüsxələri hədiyyə edilib.
Sonda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb.
Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.