İslamzadənin təyinatının səbəbi: Ordumuz bu prosesi tamamladı

İslamzadənin təyinatının səbəbi: Ordumuz bu prosesi tamamladı

Azərbaycanda Milli Ordunun, sözün əsl mənasında milliləşməsi prosesi, demək olar ki, başa çatmaq üzrədir. Uzun illər SSRİ/Rusiyada təhsil alan generallar Orduda hakimi-mütləq idilər. Azərbaycanın 90-cı illərin ortalarından başlayaraq Türkiyə Ali Hərbi Məktəblərində oxumağa göndərdiyi məzunlar indi artıq Orduda üst vəzifələrə gəlirlər. Bunun daha bir örnəyini bu gün gördük – general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə (HHQ) yeni komandan təyin edildi. Cənab İslamzadə 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Ordusu Türkiyə (NATO) modelinə keçir, Türkiyə ilə hərbi və təhlükəsizlik məsələləri ilə bağlı inteqrasiya prosesi yüksələn xəttlə davam edir:

“Bu məsələ Azərbaycanı Cənubi Qafqaz və Baltikyanı ölkələri çıxmaq şərti ilə keçmiş SSRİ respublikalarından ciddi şəkildə fərqləndirir, üstünlük qazandırır. Azəbaycan-Türkiyə hərbi-siyasi məsələlər ilə bağlı əməkdaşlığı ölkəmiz üçün ciddi təhlükəsizlik çətiri yaradıb. Gürcüstanın, Ermənistanın belə bir “çətiri” yoxdur, bu gün hər iki ölkədə baş verənlər, həm də o “çətir” axtarışıdır – Ermənistanın “rus çətiri” işləmir, dəlmə-deşik olub, Gürcüstan isə illərdir NATO-dan o “çətiri” ala bilmir”.

N.Cəfərlinin fikrincə, Ermənistanın daha bir problemi də odur ki, bu gün fəaliyyətdə olan generallarının 90%-i Rusiya təhsillidir və Kremlın təsirindədir:

“Gürcüstanda vəziyyət bir az fərqlidir, artıq NATO proqramı çərçivəsində və Türkiyənin birbaşa iştirakı ilə yeni generalları var, amma “çətirləri” yoxdur.

Azərbayanda bəzi kiçik marginal qrupun mənasız nümayəndələrinin “Azərbaycan tam Rusiyanın yanındadır” tezisi o qədər çürük, mənasızdır ki, “rusməramlıların” zurna-balabanla ölkəmizdən tam çıxarılmasından sonra (onlar israr edirdilər ki, heç vaxt bu baş verməyəcək) onlara cavab vermək belə vaxt itkisidir”.

Ekspert bildirib ki, ölkəmizin hərbi-təhlükəsizlik siyasəti doğru istiqamətdədir, idarəetmə sistemi də Ordumuzdakı islahat kimi köklü şəkildə yenidən qurulmalıdır.

Teqlər: