İslamzadə kimə müharibə elan edib: Qadınlara, ya anasına?

İslamzadə kimə müharibə elan edib: Qadınlara, ya anasına?

Akif İslamzadə növbəti dəfə qadınları alçaldıb. “Növbəti dəfə” deyirəm, ona görə ki, səsinin illərdir batmasına baxmayaraq, vaxtilə oxuduğu gözəl mahnıları ilə tanıdığımız, sevdiyimiz, hörmət bəslədiyimiz, onun “ağılsız” adlandırdığı qadınların beynində, ürəyində önəmli yer tutan sənətkar dəfələrlə qadınlarla bağlı ittihamlar, təhqirlərlə çıxış edib. Bu gün “Allah qadınlara elm verməyib” deyən sənətkar 2 ay öncə verilişləri qadınlar apardığı üçün dəvətləri geri çevirdiyini bildirmişdi. Bir neçə il bundan öncə isə dünyanın yeni düzəninin matriarxat dəyərlər üzərində formalaşmasından gileylənən Akif İslamzadə cəhənnəmə gedənlərin əksəriyyətinin qadın olduğunu iddia edib, hələ Allahdan, Qurandan, Peyğəmbərdən də sitat gətirmişdi.

Görəsən, illərdir səsini itirməsinə baxmayaraq, xalqın dilində “sənətkar” olaraq anılan Akif İslamzadənin vaxtaşırı qadınlara savaş elan eləməsinin kökündə nə dayanır? İllər öncə səpdiyi və bu gün meyvəsini yediyi sevgi ağacını baltalayıb, yerinə nifrət toxumu əkmək, ömrünü başa vurduqdan sonra sənəti ilə yox, hörmətinə xələl gətirən açıqlamaları ilə xatırlanmaqmı istəyir?

“Qadın kimdir” sualını filosoflar, elm insanları araşdırıb. Məlum olub ki, qadın bu dünyanın mövcudluğudur. Zəkanın, istedadın, Akif İslamzadənin inkar etdiyi elmin daşıyıcısıdır, övladına ötürəndir. Tibbin belə uşaqların bilik və bacarıqları, İQ dərəcəsini anadan miras olaraq aldığını isbat etdiyi halda Akif İslamzadə nəyin hikkəsini, inadını aparır? Elə o da səsini anasına – Sara Qədimovaya, məşhurluğunu mərhum sənətkarımızın cəmiyyətdəki hörmətinə borclu deyilmi? Görəsən, Akif İslamzadə kimə müharibə elan edib, kiminlə savaşır: qadınlara, illərdir barəsində bir kəlmə belə danışmadığı anasına, yoxsa özünə, mövcudluğuna, yaradılışına?

Bir müddət əvvəl yenə çox sevdiyimiz, Vətənimin siması hesab etdiyim şahmatçı Şəhriyar Məmmədyarov da eyni mövzu ilə gündəmə gəlib, gözümdəki bütün dəyərini yerlə-bir etmişdi. Bir kişi mənliyini, gücünü qadın məfhumundan istifadə edərək sübut eləməyə çalışmamalı, qadın gücündən bu qədər qorxmamalıdır.

Qrossmeyster barəsində deyirdik cavandır, müdrikləşdikcə fikirləri təkamül edəcək. Akif İslamzadə isə bu ümidimizi də öldürdü. Olğunluq, əslində, yaş ilə, heç təhsil ilə də formalaşmırmış. Uşaqlıqda beynimizə əkilənlərdir, cəmiyyətdə hörmət sahibi olduqca komplekssiz şəkildə ifadə eləməyə başlayırıq. Cəmiyyətin sayılıb-seçilən, həqiqi hörmət qazanmış insanlarının mahiyyətlərini ucuzlaşdırıb, primitiv cümlələr qurmasını, fikirlər səsləndirməsini özüm üçün başqa cür izah edə bilmirəm.

Sosial şəbəkədə ümidi ölməyən qadınlar var, Akif İslamzadəyə haqq qazandırmaq istəyir, “Akif müəllim bəlkə də” başlıqlı cümlələr qururlar. “Bəlkə”si yoxdur, xanımlar. Akif müəllimin bir yox, dəfələrlə dediyi fikirlər onun zehnində illərdir oturuşmuş, alt şüurunda gizlənən, bəlkə də qadının gücündən yaranan qorxu travmasının günümüzdə zühur etməsidir.

Teqlər: