İslamşünaslıq ixtisasına müsahibə başa çatıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavriat pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb. Müsahibə mərhələsi 17-19 avqust 2021-ci il tarixdə keçirilib.

Abituriyentlərin dünyagörüşü səviyyələrinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.

Müsahibədən “məqbul” qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini 20-30 avqust 2021-ci il tarixdə həyata keçirir.

Məlumat üçün bildirək ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərib. Mövcud vəziyyətlə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası, Qəbələ və Şəki rayonlarından qeydiyyatdan keçən abituriyentlərlə müsahibə distant (məsafədən) formada keçirilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəlaiyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunur.

Teqlər: