İslamın rəmzi yaşıldırsa, qara bayraqlar nədir?

İslamın rəmzi yaşıldırsa, qara bayraqlar nədir?

Bildiyimiz kimi, yaşıl rəng islam dininin rəmzidir. Geniş yayılmış anlayışa görə, qara rəng isə matəm rəmzi kimi qəbul olunduğundan, bəzi məzhəblər belə aylarda qara rəngə üstünlük verirlər.

Bu sözləri AzerTimes-a açıqlamasında Elm və təhsil komitəsinin üzvü, ilahiyyatçı deputat Ceyhun Məmmədov məhərrəmlik ayı ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu, artıq ənənə halı almış bir yanaşmadır:

“İran və İraqda olduğu kimi, bu adət Azərbaycanda da geniş yayılıb. Onların yanaşması, inancı ondan ibarətdir ki, məhərrəmlik ayı yas ayıdır, ona görə də qara rəngdən istifadə olunmalıdır.

Amma qeyd etdiyimiz kimi, islamın rəmzi yaşıl rəngdir. Burada yanaşmalar, insanların düşüncələri müxtəlifdir. Məhərrəmlik hadisələrinə bir qəhrəmanlıq və şəhadət səhifəsi kimi yanaşmaq lazımdır. Əslində, bunun matəm, qəm-qüssə olduğu düşüncəsi yanlışdır və dinimizə də uyğun gəlmir.

Bunu edən insanlar düşünürlər ki, onlar belə yol ilə öz kədərlərini, İmam Hüseynə bağlılıqlarını ifadə etmiş olurlar. Amma biz daha çox matəm və kədərə yox, şəhidliyin uca məqamı barədə düşünməliyik”.

İlahiyyatçı Azərbaycanda qara bayraqların üzərində “Ya Hüseyn” şüarının ərəb əlifbası ilə yazılmasına da münasibət bildirib. Onun sözlərinə görə, İmam Hüseynin adını İraq və İranda ərəb hərfləri ilə yazırlar:

“Biz Azərbaycanda yaşayırıqsa, yaxşı olar ki, “Ya Hüseyn” öz ana dilimizdə yazılsın ki, insanlar da bilsinlər söhbət nədən və ya kimdən gedir. Bizdə əksəriyyət ərəb əlifbasını bilmir. Hesab edirəm ki, bu şeylər nəzərə alınmalı və məqsədəuyğun olaraq öz dilimizdə də yazılmalıdır”.

Teqlər: