İslamda qadın necə geyinməlidir? – Qurandan sübutlar

İslamda qadın necə geyinməlidir? – Qurandan sübutlar

13 sentyabr 2022-ci il, “Jina Amini” kimi tanınan xanım Məhsa Əmini Tehranda İranın dini “əxlaq polisi” tərəfindən hökumət standartlarına uyğun hicab geyinmədiyi üçün həbs edildi və polis bölməsinə aparıldı. Orada xanım Əmini naməlum şəraitdə və açıqlanmayan səbəbdən komaya düşüb. Üç gün sonra, 16 sentyabr 2022-ci ildə xanım Əmini – 22 yaşlı iranlı qadın şübhəli şəraitdə xəstəxanada vəfat etdi.

Onun ölümü İran cəmiyyətində geniş qəzəb doğurdu və onlarla şəhəri əhatə edən hökumət əleyhinə mitinqlərə səbəb oldu.

Üç aya yaxın davam edən mitinqlər nəticəsində 45-i uşaq olmaqla, 350-yə yaxın nümayişçi öldürülüb (ən son məlumata görə, 485 nəfər öldürülüb – red.), 1000-ə yaxın adam yaralanıb, 10 mindən çox adam (18 min 259 nəfər – red.) həbs edilib və Möhsün Şikari adlı vətəndaş edam edilib. Bu faciə nəticəsində vəziyyəti sabitləşdirmək məqsədi ilə İran hökuməti “əxlaq polisi”ni ləğv edib.

Ümumiyyətlə, “əxlaq polisi” kimlər idi və onların missiyası nə idi?

Bu qurum 2006-cı ildə Prezident Mahmud Əhmədinejadın dövründə “təvazökarlıq və hicab mədəniyyətini yaymaq” üçün yaradılıb.

“Rəhbər patrulu” kimi tərcümə olunan, lakin geniş şəkildə “əxlaq polisi” kimi tanınan “Qəşt-e-ərşad” İranın dövlət polis qüvvələrinin ictimai yerlərdə islami geyim qaydalarına dair qanunları tətbiq etmək vəzifəsi daşıyan bir bölməsidir.

Qaydaya əsasən, yaş həddi dəqiq müəyyən edilməsə də, yetkinlik yaşına çatmış bütün qadınlar ictimai yerlərdə baş örtüyü və hər tərəfi tam qapalı paltar geyinməlidir. Məktəbdə qızlar adətən 7 yaşından hicab taxmalıdırlar.

Geyim “əxlaq polisi”nin diqqət mərkəzində idi, eyni zamanda onlar həm də alkoqol qəbuluna görə və ya bir-biri ilə nikah əlaqəsi olmayan kişi və qadınların qarışıq toplantılarına, partilərinə qatılan şəxsləri saxlayıb həbs edə bilərdilər. Eyni zamanda, qanunun bu cür qeyri-müəyyən şəkildə ifa olunması, sözsüz ki, “əxlaq polisi”ndə korrupsiyanın yaranmasına münbit şərait yaratdı. Yutub vasitəsi ilə İranda keçirilən partiləri, diskoteka və insanların asudə vaxtlarını keçirməsini çoxlarınız görmüsünüz. Sözsüz ki, bunları “əxlaq polisi” də görüb… Bundan əlavə, heç kim üçün sirr deyil ki, Tehran və İranın digər şəhərlərində alkoqol içkilərin alınması çox sadə və asan prosedurdur. Düzdür, spirtli içkilər dükanda satılmır, amma müxtəlif Teleqram kanalları vasitəsi ilə və müəyyən yerlərdə hər bir İran vətəndaşı spirtli içki əldə edə bilər.

Ümumiyyətlə, İranın sosial tənzimləmələrinin böyük bir hissəsi həm kişilərdən, həm də qadınlardan təvazökar geyinməyi tələb edən islam şəriət qanunlarının dövlət tərəfindən mühafizəsinə əsaslanır. Lakin praktikada “əxlaq polisi” ilk növbədə qadınları hədəf alır.

Hansı geyim növlərinin uyğunsuz olduğuna dair heç bir aydın təlimat və təfərrüatın olmaması polislərin şəxsi mövqeyinə imkan yaradır və “əxlaq mühafizəçiləri”nin özbaşınalıq etməsinə, korrupsiyaya və hətta günahsız qadınların həbsinə geniş yol açır.

“Əxlaq polisi” tərəfindən saxlanılanlara bildiriş verilir və ya bəzi hallarda onları təhsil və məsləhət mərkəzi deyilən yerə və ya polis bölməsinə aparır və orada onların hicab və islam dəyərləri ilə bağlı məcburi mühazirələrdə iştirak etmələri tələb olunur. Daha sonra azadlığa çıxmaları üçün yaxınlarına zəng edilir ki, saxlanılan şəxsə “uyğun paltar” gətirsinlər.

“Əxlaq polisi” məmurlarından biri BBC-yə gündəlik iş təcrübəsi barədə anonim müsahibə verərək demişdi: “Sanki ova çıxırıq. Qadınlar çox qorxurlar. Qorxurlar ki, ictimaiyyətin gözü qarşısında onları tutub maşınlarımıza basacağıq… Bu isə çox böyük rüsvayçılıqdır… Bilirsinizmi, bunu edərkən neçə dəfə göz yaşı tökmüşəm?”

Lakin bununla “əxlaq polisi”nin sərhədsiz hakimiyyəti yekunlaşmırdı… Hökumət hicab pozuntularına qarşı mübarizəni və özünəməxsus islami geyim kodunun versiyasının təbliğini məktəblərdə, milli mediada, əsasən TV-lərdə və ictimai tədbirlərdə də davam etdirirdi…

Bununla belə, bir çox iranlı qadın ultramühafizəkar geyim qaydalarına qarşı çıxmağın yollarını tapıb. Bir çoxları dar geyimlər geyinərək və çadradan rəngli aksessuar kimi istifadə edərək, saçlarının çox hissəsinin üzə çıxararaq İran hökumətinin qoyduğu sərhədləri aşırlar, baxmayaraq ki, nə hökumətin qaydalarında, nə də Quranda bir sıra məhdudiyyətlərin ümumiyyətlə sərhədləri müəyyən edilib – başa yaylıq taxılmalıdır, ya yox, taxılmalıdırsa, saçın nə qədərinin üzə çıxa biləcəyi ilə bağlı sərt qaydalar yoxdur.

Bəs maraqlıdır, İran hökumətinin istinad etdiyi və bütün müsəlmanların ali kitabı olan Quran bu barədə nə deyir?

Mən özüm namaz əhlindənəm və hər il Orucluq ayında Quran oxuyuram və qayda-qanunları pis bilmirəm. Lakin yenə də məlumat üçün elektron mənbələrə nəzər yetirərək, Qurani-Kərimə müraciət etdim. Və qadınların geyim tərzləri ilə əlaqədar çox az sayda, lakin kifayət qədər dolğun məlumat əldə etdim:

“Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” Quran 24/34.

Gördüyünüz kimi, Quranın “əl-Nur” surəsində qadınlara ayıb yerləri və yaxalarını örtmələri tövsiyə edilir və bu geyim qaydalarını yalnız ayədə sadalanan xüsusi şəxslərin qarşısında yüngülləşdirməyə icazə verilir. Quran nöqteyi-nəzərindən nəyin “görünən qisimlər” olduğuna dair din xadimləri yekdil rəyə gələ bilmir və bunun təfsiri onların şəxsi rəyinə görə dəyişir. Amma bu o demək deyil ki, hər bir yarpağın da həyatını nəzarətdə saxlayan Tanrı bizə bu məsələdə təfərrüatı verməyi unudub, sadəcə olaraq Allah bu qərarı hər bir qadının seçiminə buraxıb desək, həqiqətə daha yaxın ola bilərik. Yalnız qadın öz duyğuları və dünyagörüşündən irəli gələn qərarlar nəticəsində öz ayıb yerlərini örtür və görünəcək qisimlərini təyin edir. Onu Allah zəkalı məxluq olaraq yaradıb və Allah qarşısında o özü fərdi şəkildə cavab verməlidir.

“Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir”. Quran 19/95.

Buna baxmayaraq, bir sıra islam ölkələri bizi inandırmağa çalışırlar ki, Allah qadınların saçlarını, hətta bədənlərinin hər qarışını örtməyə çağırır (yəqin ki, islam ölkələrindən ölkəmizə gələn, ağızlarını və burunlarını belə örtən turist qadınları görmüsünüz). Lakin Quranda bu barədə heç bir söz yoxdur. Digər tərəfdən, bəzi din xadimləri deyir ki, Quranda qeyd edilməyən məsələlərin təfərrüatını alimlər hədis və digər vasitə ilə insanlara çatdırır… Birincisi, ilk addımlarından səhvlər edən və gündə günahlarının bağışlanması üçün beş dəfə namaz əmri alan insana Allah hikmətlərini xırdalamağa imkan verməsi şübhə altındadır. İkincisi, niyə “qadınların taleyi məhz kişilərin əmrində olmalıdır” kimi suallar planetimizdə yaşayan milyardlarla insanı narahat edir?

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) örtüklərini örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.” Quran 35/59.

Yuxarıdakı ayədə Allah qadınlara “örtüklərini örtmələrini” əmr edir. Yenə deyirəm, Allah örtüyün konkret uzunluğunu və dizaynını müəyyən etmir. Saleh qadın kimi tanınmaq və kənar şəxslər tərəfindən incidilməmək üçün hər bir qadına hansı uzunluğun ona uyğun olduğuna özünə qərar vermək hüququ verir.

“Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır”. Quran 24/30.

Allah həm kişiləri, həm də qadınları bir-birinə şəhvətlə baxmamaqla, baxışlarını ram etməyə çağırır. Bu, bizə istəklərimizi cilovlamağa, şirnikləndiricilərə qarşı müqavimət göstərməyə və nəhayət, öz iffətimizi qorumağa və özümüzü saleh aparmağa imkan verir.

Əgər Allah qadınları təpədən dırnağa qədər örtməyə məcbur edirsə, bəs niyə kişilərə “gözlərini çevirməyi” əmr edir? Deməli, Quranın nazil olduğu dövrdə kişilər qadın gözəlliyinə heyran ola bilirdilər və buna görə də günahkar düşüncələrə yol verməyərək özlərinə nəzarət etməli idilər.

“Ey Adəm balaları! Sizin üçün ayıb yerlərinizi örtmək və yaraşıq üçün libaslar nazil etdik (yaratdıq). Lakin ən gözəl libas salehlik geyimidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar”. Quran 7/26.

Allah bizə deyir ki, əynimizə geyinə biləcəyimiz ən yaxşı libas salehlik libasıdır. Eyni zamanda deyir ki, libasları bizə həm də yaraşıq üçün nazil edib – deməli, bizim yaraşıqlı olmağımızı istəyir… Qaranlıq otaqda biz heç nə görmürük, əksinə işıqlı aləmdə isə biz bütün rəngləri görməklə yaraşıqlı duyğular yaşayırıq və bu təbiəti və aləmi yaradan uca Allahdır. O, hər şeyi biləndir, hikmət sahibidir. Bizi də yaratdığı təbiət kimi yaraşıqlı görmək istəyir, bizə çətinliklər yaratmaq istəmir. Bizdən nəyi tələb edirsə, nəsihət edirsə və ya əmr edirsə, ruhumuzun xeyrinədir. Bu dünyaya gəlməkdə yeganə məqsədimiz yalnız saleh həyat sürməklə Allahın dərgahına pak qayıtmaqdır.

Mənim fikrimcə hər bir qadın Allaha yaraşacaq və razı qalacaq şəkildə geyinib-geyinməyəcəyinə özü qərar verməlidir, çünki Allah onu və kişiləri müstəqil fərd kimi yaradıb və dərgahına pak qayıdışını gözləyir. Bir daha “Məryəm” surəsinin ayəsini təkrar edirəm:

“Onların hamısı qiyamət günü tək-tənha Allahın hüzuruna gələcəkdir”. Quran 19/95.

Lakin bir sıra islam ölkələrində qadınlara qarşı belə sərt qaydalarla iffəti qorumaq istəyən hökmdarlar özləri islamda vacib qayda – insan təsvirini təbliğ etmə qadağasına əməl etməyərək, xiyaban və digər ictimai yerlərdə öz portretlərini təşviq edirlər. Niyə bu günə qədər nə Peyğəmbərimizin, nə də imamlarımızın təsvirləri yoxdur? O zamanlar rəssamlar yox idi? Var idi – sadəcə olaraq, Allahdan başqa sitayiş ediləsi varlığın olmadığı postulata ciddi riayət və hörmət edərək onlar öz təsvirlərini təbliğ etmirdilər.

“De: “Ey kitab əhli! Nə üçün (həqiqəti) gördüyünüz halda onu əyri göstərmək məqsədilə iman gətirənləri Allahın yolundan döndərməyə çalışırsınız? Allah sizin etdiklərinizdən qafil deyildir”. Quran 3/99.

İranda heyrətamiz dərəcədə yüksək inflyasiya, iqtisadiyyatına qarşı ağır beynəlxalq sanksiyalar, su böhranı və regional gərginlik kimi ciddi problemləri də rəsmi Tehrana Allah nəsib etməyib – buna hökumət məmurları gündəlik verdikləri qərarlar nəticəsində gəlib çıxıb. “Əxlaq polisi” kimi qurumları ləğv etməsi vəziyyəti sabitləşdirə bilməz.

Xalqın narazılığı isə getdikcə artır. Son illərdə bir neçə ümummilli iğtişaşlar baş verib, ölkənin müxtəlif yerlərində ara-sıra regional mitinqlər keçirilir.

İran hökuməti “əxlaq polisi”ni ləğv etməklə etiraz edənlərin dəstəyini qazanmadan, nümayişçiləri sakitləşdirmədən öz tərəfdarlarının böyük bir hissəsini həmişəlik itirəcək. Ona görə ki, etirazçılar artıq məcburi hicabdan imtina etməkdən daha çox şey istəyirlər. Son hadisələr göstərir ki, etirazçılar tələblərinə ciddi məmnunluq qazanmayanadək mitinqlərini davam etdirəcəklər.

Lakin bir sıra dövlət və din xadimləri bunu anlamaq istəmir və köhnə “qəlib”lərlə hərəkət edirlər. Bu sırada Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan İranda son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. O, İran rəsmilərinin fikirlərini təkrar edərək, etirazçıları “düşmən” adlandırıb və onları terrorçu, iğtişaşçı kimi qələmə verərək nümayişçilərin hərəkətlərini pisləyib. İranda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu iddia edən erməni din xadimi etirazçıları fitnəkarlıqda ittiham edib. Çiftçiyan etiraz aksiyalarının yatırılmasını istəyib və bu yöndə İran hökumətinin repressiv addımlarına dəstək verdiklərini bildirib.

Odur ki, sizdən soruşsalar ki, ağıllınız kimdir, əminliklə deyə bilərsiniz ki qabaqda gedən zəncirli.

Burada mənə, sadəcə, hamını Allahın özünə tapşırmaq qalır. Allah hamının ürəyincə versin!

Teqlər: