İslahatlar yalnız ordunun döyüş qabiliyyətini yüksəltməyə hesablanb – Hərbi ekspert

Xəbər - Elçin Mehdiyev – Trend:

Orduda yerdəyişmələr həmişə olub və bundan sonra da olacaq. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda yeni struktur islahatları həyata keçirilir, bunlar ordumuzu daha çevik şəkildə idarə etmək imkanı verəcək.

Bunu AzerTimes-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərov bildirib ki, islahatlar yalnız ordunun döyüş qabiliyyətini yüksəltmək üçün nəzərdə tutulur: “Hansısa komandirin yerini dəyişirlərsə və yaxud ehtiyata göndərirlərsə, bu o demək deyil ki, ordu zəifləyir. Əksinə, bizim daha gənc, perspektivli, daha bacarıqlı zabit kadrlarımız var və onlar həm Azərbaycanda, həm Azərbaycandan kənarda öz təhsillərini artırırlar, döyüş bacarıqlarını təkmilləşdirirlər. Ona görə də yeni təyinatlar ordunu daha da gücləndirmək məqsədi daşıyır.

Ümumiyyətlə, ordu haqqında danışanlar gərək ordunun incəliklərindən anlayışları olsun. Ordu spesifik bir sahədir və ona görə də ordu ilə bağlı o şəxslər danışa bilərlər ki, onun incəliklərini bilirlər və hansı addımlar atıldığını yaxşı anlayırlar. Orduda islahatlar döyüş qabiliyyətini daha da gücləndirməyə hesablanıb və ona görə də heç kim heç nədən narahat olmasın. Ordu fərdlər üzərində deyil, sistem üzərində qurulub və bu sistem də 44 günlük müharibədə özünü göstərdi”.

Hərbi ekspert əlavə edib ki, son vaxtlar sosial şəbəkələrdə saxta profillər, erməni və ermənipərəst qüvvələrə xidmət edənlər fəallaşıblar, onlar ordunu gözdən salmaq üçün kampaniyaya start veriblər: “Hətta ordunun ayrı-ayrı şəxslərinə qarşı təhqir meyilləri artıb. Bütün bunlara qarşı ciddi addımlar atılmalıdır”.

Teqlər: