Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi ilə ölkəmizdə yeni ixrac imkanları yaranmaqdadır. Yanvarın 18-də dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu zavodların işə düşməsi ilə sulfat turşusu və müxtəlif çeşidli rəngli şüşə tara məhsulları ilə əlaqədar xaricdən asılılıq tam aradan qaldırılacaq. Bu müəssisələrin yaradılması həm bu günün, həm də gələcək məsələlərin həllini təmin etməyə hesablanıb. Dövlət başçısının da qarşıya qoyduğu əsas vəzifələrdən biri bundan ibarətdir ki, Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmalıdır. Bunun üçün isə mütləq yerli və xarici investorların ölkəmizin gələcəyinə davamlı inamı olmalı, əlverişli investisiya mühiti qorunub saxlanmalıdır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu gün – post-müharibə dövründə də Azərbaycana sərmayələr üçün yeni imkanlar açılır:
“Ümumiyyətlə, Azərbaycanda hər zaman əlverişli investisiya mühiti mövcud olub. Tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu imkanlar daha da genişlənir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Regionda məhz Azərbaycanın iradəsi sayəsində formalaşan sabitlik və təhlükəsizlik bölgədə imkanların genişlənməsinə əlavə töhfə verəcək. Ümumiyyətlə, münaqişə vəziyyətində də Azərbaycan investorlar üçün cəlbedici məkan idi. Lakin münaqişənin həlli prosesin miqyasını daha da genişləndirəcək. Beləliklə, işğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq və Azərbaycanın tam yeni, daha inkişaf etmiş simasını yaradacaq”.