İşğaldan azad edilmiş ərazilərin bərpası layihələrinin icrasına mane olmaq mümkün deyil – Naqif Həmzəyev

2021- ci ilin iyun ayında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya səfər etdilər. Birlikdə Şuşa Bəyannaməsini imzaladılar. Bununla da biz regionun güc mərkəzinin necə dəyişdiyinin bir növ dünyaya bəyan edilməsinin şahidi olduq. Azərbaycan diktə edən tərəf kimi qarşı tərəfə -Ermənistana bir şans verdi ki, sülh razılaşmasının imzalanması üçün öz üzərinə düşənləri etsin. Bundan başqa, biz mütəmadi olaraq bir sıra xarici diplomatların, jurnalistlərin və hərbi attaşelərin də işğaldan azad olunmuş ərazilərimizə səfərlərinin şahidi olduq.

Bu sözləri AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında söyləyib.

Deputat xatırladıb ki, bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərlərinin də Şuşaya səfəri oldu ki, bu da çox mühüm önəm kəsb edir. “Sözsüz ki, bütün bunlar Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması baxımından olduqca mühümdür. Digər tərəfdən, ermənilərin informasiya terrorunun qarşısının alınması istiqamətində çox vacib addımdır. Biz torpaqlarımızdakı erməni vəhşiliklərini birbaşa xarici ölkə təmsilçilərinin gözləri ilə ictimailəşdirdikcə, dünya artıq erməni yalanlarını qəbul etməyəcək. Ermənistanın saxta təbliğat maşını işləməyəcək, yəni, erməni yalanları “ayaq tutsa da, yeriməyəcək”. Bu, önəmli məqamdır. Çünki ermənilərin faş olması Azərbaycanın haqlı və ədalətli mövqeyini möhkəmləndirəcək. Xarici nümayəndələr erməni vandallarının törətdikləri dağıntıları yaxından gördükcə, ərazilərdəki ağlasığmaz talan izlərinə şahidlik etdikcə, Qarabağ məsələsində daha dolğun fikrə, aydın təsəvvürə sahib olacaqlar”.

N. Həmzəyev onu da bildirib ki, Qarabağda uğurlu yenidənqurma layihələrinin həyata keçirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə mütəmadi olaraq bu cür səfərlərin təşkili istər-istəməz qarşı tərəfi narahat edir: “Bununla da işğalçı Ermənistan hər vəchlə yenidən münaqişəni alovlandırmaq, Azərbaycanla sərhəddə münaqişə yaratmaq və narahatlığa səbəb olmaq niyyətindədir. Görünür, onlar mövcud reallığı dərk etmir və bununla barışmaq istəmirlər. Məhz bu səbəbdən də bu cür qarşıdurmalar yaradırlar. Ancaq istənilən halda Azərbaycan Ordusu bütün bu baş vermiş təxribatların qarşısını uğurla alır və qarşı tərəfə lazımi cəzanı verir. Bildiyiniz kimi, Azərbaycan tərəfi istənilən halda bu problemi güc yolu ilə həll etmək iqtidarındadır. Ancaq bizim məqsədimiz regionda daimi sülhü bərqərar etmək, kommunikasiyaların bərpasını, Zəngəzur dəhlizinin açılmasını reallığa çevirməkdir ki, məhz bu səbəbdən də münaqişənin davam etməsinin qətiyyən tərəfdarı deyilik”.

Deputat xüsusilə onu da diqqətə çatdırıb ki, Azərbaycanın regionda güclənməsi Ermənistan tərəfini narahat etdiyi kimi, çox təəssüf ki, içimizdə olan ermənipərəst qüvvələri də yəni, “sapı özümüzdən olan baltalar”ı da ciddi narahat etməkdədir: “Bunun nəticəsidir ki, radikal müxalifət, o cümlədən onların xaricdəki əlaltıları çirkin təbliğat vasitəsilə düşmən dəyirmanına su tökməyə çalışırlar. Onlar ölkəmizdəki sosial-iqtisadi inkişafı qaralamağa, işğaldan azad edilmiş regionlarımızda gedən genişmiqyaslı işlərə kölgə salmağa cəhd göstərirlər. Danışdıqları yalanları ermənilərin himayəsinə sığınmış “ekspert”lər sayəsində “arqumentləşdirməyə” çalışan radikal düşərgə təmsilçilərinin anti-Azərbaycan mərkəzlərin direktivlərini yerinə yetirmələri ilk baxışdan aydın görünür.

Bu arada onu da qeyd edim ki, 30 ilə yaxın müddət ərzində ölkəmizə qarşı bu cür vəhşilik törədən işğalçı Ermənistan bütün bunlar azmış kimi həmin ərazilərimizi minalamaqla məşğul olublar. Bu gün düşmən ölkənin minalanmış ərazilərin xəritələrinin tam şəkildə Azərbaycana verilməməsini görürük ki, bu da görülən işlərin daha tez başa gəlməsinə mane olur. Ümumiyyətlə, qeyd edək ki, müharibə başa çatandan indiyədək 150-yə yaxın vətəndaşımız minalara düşərək ya həlak olub, ya da öz sağlamlığı­nı itirib. Sözsüz ki, bu, Ermənistan dövlətinin terrorçu xislətini ortaya qoyur. Çox təəssüf ki, dünya dövlətləri tərəfindən Ermənistana mina xəritələrinin verilməsi ilə bağlı heç bir təzyiq görmürük. Lakin heç bir qüvvə xalqımızın qurub-yaratmaq əzminin, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin gerçəkləşdirilməsinin qarşısını ala bilməz”.

Teqlər: