Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır və həmin ərazilərdə Prezidentin xüsusi nümayəndəsi formasında mülki idarəetmə modeli yaradılıb və artıq Şuşaya ilk xüsusi nümayəndə təyin edilib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat qeyd edib ki, sözsüz, digər rayonlara da xüsusi nümyəndələr təyin ediləcək və həmin nümayəndələr orada aparılan işlərə rəhbərlik edəcəklər: “İlk növbədə, qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə işlər kompleks və mərhələli şəkildə həyata keçiriləcək. Həmin ərazilərdə artıq mərhələli şəkildə işlərə başlanılıb. İlk mərhələdə təbii ki, təhlükəsizliyin təmin edilməsi üçün minalardan təmizləmə tədbirləri həyata keçirilir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini hələ də verməyib və burada da tez-tez partlayışlar olur.
Ona görə də ilk növbədə, minalardan təmizləmə işləri həyata keçirilməlidir. Bununla yanaşı, həmin ərazilərdə mülki idarəetmə strukturu yaradılıb. Təhlükəsizliyin təmin edildiyi ərazilərdə, ilk növbədə, qiymətləndirmə işləri aparılmalıdır. Qiymətləndirmə işləri çox vacibdir, çünki Ermənistan həmin əraziləri xarabalığa çevirib və təzminat məsələsini qaldırmaq üçün qiymətləndirmə işləri çox vacib əhəmiyyət kəsb edir. Daha sonra isə infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur və ilk növbədə, orada vacib olan layihələr həyata keçiriləcək ki, bütün bu işlərə mərkəzləşdirilmiş qaydada nəzarət edilir.
Bildiyniz kimi, torpaqlarımızın 20 faizi işğal altında idi və o zamankı statistikaya görə, ölkə əhalisinin hər 8 nəfərdən 1-i məcburi köçkünə çevrilmişdi və 20 mindən çox insan həlak olub, 50 mindən artıq insan yaralanıb, əlil olub, təxminən 5 min vətəndaşı hələ o vaxt itkin düşüb. Eyni zamanda, 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərdə sosial-iqtisadi həyat məhv edilib.
Həmin ərazilərdə 871 yaşayış məntəqəsi, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana, 100 minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi binalar dağıdılıb, yüzlərlə kitabxana talan edilib, çoxlu sayda dəyərli əlyazma yandırılıb və məhv edilib, çoxsaylı teatr binaları, muzeylər, musiqi məktəbləri məhv edilib.
Ümumilikdə, 1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, o cümlədən 144 məbəd və 67 məscid ermənilər tərəfindən tamamilə dağıdılıb. 40 min eksponatın qorunduğu 22 muzey məhv edilib.
Həmin ərazilərin infrastrukturu, o cümlədən yüzlərlə körpü, minlərlə km su və qaz kəmərləri və çoxlu sayda qazpaylama məntəqələri dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə əkinçilik və heyvandarlıq çox yüksək səviyyədə inkişaf etmişdi və ölkəni böyük həcmdə kənd təsərrfüatı məhsulları ilə təmin edirdi”.
Deputat qeyd edib ki, ilkin məlumatlara görə, bu ərazilərə 10 milyardlarla dollar ziyan dəyib, ancaq bu ziyanın tam dəqiqləşməsi üçün yerlərdə qiymətləndirmələr aparılmalıdır, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən monitorinqlər həyata keçirilməlidir ki, Azərbaycan təminatla bağlı məsələni qaldırsın və bu təzminatın ödənilməsinə nail ola bilək:
“Məlumdur ki, məcburi köçkün düşmüş insanların sayı indiyə qədər xeyli artıb və işğaldan azad edilmiş ərazilərdə əvvəlkindən daha çox, bir milyondan artıq insanın yerləşdirilməsi lazım gələcək. Ona görə qiymətləndirmə həm də vacibdir ki, orada gələcəkdə məskunlaşdırma düzgün aparılsın. Hər bir vətəndaş ölkə prezidenti ətrafında sıx birləşərək bizim milli birliyimizin davamı olaraq orada elə işlər aparmalıdır ki, Dağlıq Qarabağ bölgəsi yenidən nəinki Azərbaycanın, ümumiyyətcə həm regionun, həm də dünyanın nümunəvi bir modelinə, çiçəklənmiş bir diyarına çevrilsin. Ölkə prezidentinin də məhz hədəflərindən biri odur ki, burada mövcud innovativ texnologiyaların bizə verdiyi imkanları dəyərləndirərək orada ən yüksək səviyyədə texnologiyanın, inşaatın ağıllı modelləri, o cümlədən ağıllı şəhər, ağıllı kənd modeli tətbiq olunsun. Orada insanlar üçün elə bir şərait yaradılacaq ki, bu, bütün dünya üçün bir model olacaq.
Bu işdə hər kəs öz məsuliyyətini anlamalı və ölkə Prezidentinin apardığı bu siyasətə dəstək verməlidir. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə bərpa edilmə işlərini kompleks və mərhələli şəkildə həyata keçirmək üçün peşəkarlar və aidiyyatı qurumlar cəlb olunub. Hər bir məmur, hər kəs öz məsuliyyətini dərk edərək görülən işlərə mane olmamalı və dəstək verməlidir”.