Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanı yeni nəqliyyat qovşağına çevirir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat vurğulayıb ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq imkanı yaradacaq.
A.Hüseynov qeyd edib ki, bunlardan ən önəmlisi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır: “Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradıması qardaş Türkiyədən Orta Asiyaya uzanan quruyolun təmin edilməsinə imkan verəcək.
Bu amil eyni zamanda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək”.
Deputat qeyd edib ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası ölkəmizin hava nəqliyyatı baxımından da tranzit ölkə kimi əhəmiyyətini artıracaq: “Beləliklə, bütün bu amillər Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək.
Qafqaz-Asiya-Avropa regionlarında siyasi-iqtisadi, mədəni-humanitar mənzərənin dəyişməsinə ciddi şəkildə təsir göstərəcəkdir. Eyni zamanda, zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilmək imkanlarına malik olacaqdır”.