İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilmişdir.
Trend xəbər verir ki, iclasda iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dövlət başçısının müvafiq tapşırıqlarını rəhbər tutaraq Minatəmizləmə Agentliyi tərəfindən aparılan işlər barədə ətraflı məlumat vermişdir.
İclasda İşçi Qrupun üzvü olan müvafiq qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin rəhbər şəxsləri iştirak etmişdir.
İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən dəmir və avtomobil yollarının tikintisi, kommunikasiya xətlərinin qurulması və Füzuli hava limanının inşası ilə bağlı icra edilən minatəmizləmə əməliyyatlarının gedişi barədə ətraflı məlumatlar verilmişdir. Bu istiqamətdə görülən işlərin İşçi Qrup çərçivəsində daima sıx şəkildə əlaqələndirilməklə həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
İşçi Qrupunun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işləri, xəbərdaredici təbliğatın aparılması və bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlığının zəruriliyi qeyd olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.