İşğaldan azad edilmiş ərazilərdə hansı məhsullar yetişdiriləcək? – Komitə sədrindən açıqlama

İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafı
baxımından çox yaxşı potensiala malikldir və ölkənin ərzaq
təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Bunu AzerTimes-a Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, həmin ərazilər tarixən böyük taxılçılıq,
pambıqçılıq, heyvandarlıq, tütünçülük, üzçümçülük məhsulları
istehsal etməkdə öndə olublar.

“İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də
keyfiyyətinə görə daim fərqlənib. İşğaldan azad edilmiş ərazilərin
bir qismi minalardan təmizlənib və təhlükəli olmayan ərazilər əkinə
hazırlanmaqdadır. Aran ərazilərdə, yəni Ağdam və Füzuli
rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı yetişdirmək
çox faydalıdır və həmin torpaqlar çox məhsuldardır.

Dağlıq ərazilər, yəni Kəlbəcər, Laçın və Qubadlı tarixən
heyvandarlıq zonaları hesab olunublar. Eyni zamanda, işğaldan azad
edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait
var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz və bostan
məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi
tələbata uyğundur”, – deyə T.Rzayev qeyd edib.

T.Rzayev əlavə edib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. “İşğaldan azad
edilmiş ərazilərdə taxılçılığın inkişafı gündəmdə olacaq və bunun
üçün də həmin ərazilərdə mövcud vəziyyət qənaətbəxşdir. O
torpaqlarda şəkər çuğunduru əkilə və yüksək məhsuldarlıq götürülə
bilər”, – deyə komitə sədri əlavə edib.

Teqlər: