İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri ardıcıllıqla aparılır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu torpaqlarımızı işaldan azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Növbəti vacib mərhələ isə həmin ərazilərin bərpasıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, erməni vandalları 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlamaqla həmin əraziləri darmadağın edib: “İşaldan azad ediləndən sonra həmin ərazilərdə vəziyyəti qiymətləndirmək imkanımız oldu və orada böyük miqyasda erməni vəhşiliyinin şahidi olduq. Ermənilər ərazilərimizi tamamilə dağıdıb, xarabalığa çevirib.

Bütün infrastruktur, evlər, binalar, sosial obyektlər, bir sözlə nə varsa tamamilə dağıdılıb. Orada həyatı bərpa etmək üçün hər şeyi yenidən başlamaq lazımdır, bütün infrastruktur yenidən qurulmalı, evlər, binalar tikilməli, yollar çəkilməli və digər çoxsaylı obyektlər bərpa edilməlidir. Lakin bütün işlər dövlətimiz tərəfindən müəyyən edilən ardıcıllıqla aparılmalıdır.

İlk növbədə həmin ərazilərdə işlərin təhlükəsiz aparılmasına şərait yaratmaq üçün mindalardan təmizləmə aparılmalıdır”.

Deputat vurğulayıb ki, təhlükəsizlik təmin edildikdən sonra erməni vandallarının ərazilərimizə vurduğu ziyanın həcmi müəyyən edilməlidir:

“Dövlət başçısı bu barədə çıxışlarında dəfələrlə qeyd edib. Ermənilər ərazilərimizə külli miqdarda ziyan vurub və bu ziyan qiymətləndirilməli, buna görə ermənilərdən təzminat tələb edilməlidir. Yalnız qiymətləndirmədən sonra bərpa və quruculuq işlərinə başlamaq olar. Bu mərhələdə isə infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin inşası, yaşayış üçün şərait yaradılması, evlərin tikilməsi kimi işlər həyata keçirilməlidir.

Əlbəttə ki, bütün bu işlər dövlətimizin xüsusi nəzarəti altında həyata keçiriləcək. Azad edilmiş torpaqların bərpası ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Bütün təkliflər, təşəbbüslər ora göndərilməlidir. Heç kəs, keç bir qurum və ya vəzifəli şəxs həmin ərazilərdə hansısa işlər görəcəyi barədə razılaşdırılmamış bəyanat verməməlidir, çünki bu cür yanlış bəyanatlar cəmiyyətdə çaşqınlıq yaradır”.

Teqlər: