İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir – Pərvin Kərimzadə

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd edib. Tarixi torpaqlarımızda bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, ermənilər maddi mədəniyyət nümunələrini yox ediblər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edib, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdiriblər. Abidələrin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar.

Eyni zamanda, ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparmışlar. O cümlədən, məşhur Azıx mağarası işğal müddətində erməni saxtakarlığından kənarda qala bilməmişdi. Azərbaycanda ən qədim insan düşərgəsi olan bu abidədə ermənilər digər ölkələrin alimlərini də cəlb etməklə beynəlxalq qanunlara zidd arxeoloji qazıntılar aparmışlar. Yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən abidədir. Ocaqların, tikili və insan qalığının aşkar edildiyi Azıx mağarası öz göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Arxeologiya elmində müstəsna əhəmiyyətə malik Azıx mağarasında ermənilər qanunsuz qazıntılar apararaq mədəni qatları dağıtmaqla təkcə Azərbaycan deyil, dünya maddi mədəniyyətinə böyük zərbə vurublar.

30 ilə yaxın müddət ərzində işğal altında olan şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb. Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Erməni vandalları, hətta Şəhidlər xiyabanını, qəbiristanlıqları da dağıdıblar. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən “Qarabağ məscid memarlığı” məktəbinə aid olan Ağdam Cümə məscidi ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı, İbrahimxəlil xanın türbəsi və digər abidələr də erməni vandalları tərəfindən dağıdıb.

Ermənilər tərəfindən ən çox dağıdılan məscidlər, türbələr və digər inanc yerləri olub. Erməni vandalları məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz nifrətlərini nümayiş etdiriblər. Burada Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Zəngin mədəni irsə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistanın digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Erməni vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Ermənistan beynəlxalq təşkilatların üzvü olan bir dövlət kimi işğal dövründə Azərbaycanın dini və mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Bu acı həqiqətlər erməni rəsmiləri tərəfindən ört-basdır edilir və beynəlxalq məsuliyyətdən yayınır. Mədəni irs dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bu baxımdan ölkəmizin ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Bu, beynəlxalq qanunlar və konvensiyalarda da təsbit olunmuşdur. Erməni vandalizmi, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Haaqa Konvensiyasının (1954), Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992), həmçinin Mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972) prinsiplərinə ziddir. Azərbaycan Respublikası 1954-cü ildə Haaqa Konvensiyasına Birinci Protokola 1993-cü ildə və 2000-ci ildə İkinci Protokola qoşulub. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Eyni zamanda, konvensiyanın iştirakçıları özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.

İşğaldan azad olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Bu gün dövlətimiz tərəfindən Ermənistan törədilən bu cinayətlər dünya ictimaiyyətinə çatdırılır. Belə ki, bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif təşkilatların üzvlərinin səfərlərinin təşkil olunması da təqdirəlayiq haldır.

İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.

Pərvin Kərimzadə
Milli Məclisin deputatı

Teqlər: