İşğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanları regionun ixrac imkanlarını genişləndirəcək – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Füzuli Aeroportu dünyada ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir. Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq ilk uçuşu həyata keçirmək mümkün oldu.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, cəmi bir neçə aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub: “Qeyd edim ki, hava limanı uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət terminalı, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq.

Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur”.

Deputatın sözlərinə görə, Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər: “Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir.

Hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir.


Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan vacibdir”.

Twitter: @ElchinMehdiyev

Teqlər: