İşğalçılıq siyasəti Ermənistanı dərin böhrana sürüklədi – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğal
altında saxlaması erməni xalqının özünün faciəsi oldu, ölkəni
siyasi və sosial-iqtisadi böhrana sürüklədi. Bu illər ərzində
Ermənistan dalan bir ölkəyə çevrilməklə regionda gedən bütün
inkişaf proseslərindən geridə qaldı.

Milli Məclisin deputatı Vüqar İskəndərov
AzerTimes-a deyib ki,
Ermənistanın hazırkı vəziyyəti 19-cu əsrin əvvəllərində
fransızların, ikinci dünya müharibəsindən sonra almanların düşdüyü
vəziyyəti xatırladır.

“Bəlli olduğu kimi alman xalqı məğlubiyyətdən nəticə çıxardı.
Ötən zaman ərzində əldə edilən uğurlar bu xalq tərəfindən seçilən
yeni inkişaf yolunun düzgün olduğunu təsdiqləyir”, – deyə o qeyd
edib.

Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti də başa
düşməlidir ki, Qarabağ məsələsi bitdi və artıq keçmişi qaytarmaq
üçün heç bir şans yoxdur: “Amma təəssüflər olsun ki, biz
Ermənistanın mövcud rəhbərliyində hələ ki, bu addımları görmürük.
Əksinə Nikol Paşinyan və komandası da revanişistlər kimi yanlış
yolla irəliləyir”, – deyə o qeyd edib.

V.İskəndərov bildirib ki, bu gün N.Paşinyanın iddia etdiyi “Qarabağ hərəkatı”, Azərbaycan ərazilərinin işğalı erməni xalqının
özünün faciəsi oldu:

“Bunun üçün ötən 30 illik tarixə nəzər yetirmək kifayətdir.
Bəlli olduğu kimi Ermənistan yürütdüyü işğalçılıq siyasətinin
qurbanına çevrildi. İşğala görə Ermənistanın bir dövlət kimi
beynəlxalq siyasi və mənəvi dayaqları sarsıldı. Bu ölkə ciddi
iqtisadi-sosial tənəzzülə uğradı, regionun iqtisadi həyatından
kənarda qaldı və dalan dövlətə çevrildi. Bir sözlə, Ermənistan
normal inkişaf edən və müstəqil ölkə olmaq imkanlarını itirdi və
hakimiyyəti qəsb etmiş bir qrup cinayətkarın girovuna çevrildi. Bu
gün Ermənistan işğalçılıq və ultra şövinist siyasətinə görə vassal
dövlət statusundadır”, – deyə V.İskəndərov əlavə edib.

O qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində
Azərbaycan ordusu tərəfindən işğalçı Ermənistan ordusunun
darmadağın edildiyini vurğulayan deputat daha sonra deyib:

“Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki
dövlət arasında münasibətlərin normallaşması istiqamətində
cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı
təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin
məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son
hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Amma Ermənistan
44 günlük müharibənin nəticələrini və aldığı sarsıdıcı zərbəni,
dəmir yumruğun qüvvədə olduğunu unutmamalıdır. Bu gün Ermənistanın
iki yolu var. Bu yoldan biri aqressiv separatçılığı dəstək
verməklə, süni şəkildə düşmən obrazı yaradıb erməni xalqı ilə
manipulyasiya etmək siyasətini davam etdirməklə bu ölkənin
birdəfəlik məhvinə aparmaqdan keçir. Digər yol isə regionda əbədis
ülhün və inkişafın təmininəı xidmət edən, Azərbaycanın yaratdığı
yeni reallıqlara uyğun olaraq həyata keçirilən layihələrdə iştirka
etməklə gələcəyi təmin etmək. Ümid edək ki, Ermənsitan rəhbərliyi
nəhayət ki, ağıllı qərar qəbul etməyə özündə güc tapa biləcək. Əks
təqdirdə isə Ermənistan gələcəyi sual altındadır”, – deyə deputat
bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi
Vasif Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki, Ermənistan
Baş Naziri Nikol Paşinyanın “Qarabağ hərəkatı”nın yaradılmasının
34-cü il dönümü ilə bağlı müraciətlə çıxış etməsi neqativ mənada
maraq doğuran bir vəziyyətdir.

“Paşinyan öz müraciətində də qeyd etdiyi kimi, minlərlə insanın
həlak olması ilə nəticələnmiş və nə erməni xalqına, nə də
qonşularına heç bir fayda gətirməmiş, əksinə regionda illərlə davam
etmiş düşmənçiliyin toxumlarını səpmiş bir “hərəkat”dan söhbət
gedir.

İşğalçılıq xəyallarını özünə bayraq etmiş və əsrlərlə daha da
təcavüzkar mahiyyət daşıyan miflərə əsaslanan ideologiya ilə
hərəkət edən ermənilər nəinki məqsədlərinə çata bilmədi, əksinə
özlərini çox acınacaqlı vəziyyətə saldı. Bu “hərəkat”ın
yaradılmasından keçən dövr ərzində bütün region münaqişənin
məhkumuna çevrildi. Bölgənin iqtisadi potensialını reallaşdırmaq
imkanları daraldı. Əlbəttə, bundan ən çox əziyyət çəkən məhz
Ermənistan və erməni xalqı oldu. Bütün əsas regional layihələrdən
kənarda qalan Ermənistanın iqtisadi vəziyyəti hər keçən il daha da
ağırlaşdı, insanlar kütləvi şəkildə ölkəni tərk etdi, siyasi
böhranların ardı-arası kəsilmədi”, – deyə V.Hüseynov bildirib.

O qeyd edib ki, Paşinyanın bəyanatında diqqət çəkən əsas
məqamlardan biri odur ki, o da bu “hərəkat”ın gətirdiyi
fəlakətlərin fərqindədir.

“Müharibədən öncəki illərdən fərqli olaraq daha sönük ruhda olan
bu müraciətdə qondarma rejimin müstəqilliyi, onun beynəlxalq
tanınması və ya status kimi absurd fikirlərə toxunulmayıb.

Bu gün belə bir ümid var ki, İkinci Qarabağ Müharibəsindən sonra
bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün yaranmış
tarixi şərait müvafiq şəkildə istifadə ediləcək. Sülhün əldə
olunmasına, xalqlar arasında əlaqələrin yaranmasına, regional
nəqliyyat xətlərinin açılmasına və beləliklə düşmənliyi geridə
qoymağa imkan verəcək.

Heç şübhəsiz ki, bunun üçün ilk növbədə Ermənistandakı revanşist
qüvvələrin qarşısının alınmasına, radikal millətçi qrupların sülh
prosesinə mənfi təsirinin aradan qaldırılmasına və rəsmi İrəvanın
konstruktiv şəkildə sülh danışıqlarında iştirak etməsinə ehtiyac
var”, – deyə o əlavə edib.

Teqlər: