Zəngilan. Trend:
Qarabağ və Şərqi Zəngəzur su ehtiyatları ilə zəngin olan
ərazilərdir.
AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq
Mütəllimov Zəngilana təşkil olunan səfər zamanı deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı,
terminal və mineral su yataqları ilə bol olan yeraltı su
ehtiyatları var.
“İşğalda olan torpaqlar azad edildikdən sonra orada su
ehtiyatları üzərində nəzarət xarakterli monitorinqlər bərpa edildi.
Aparılan monitorinqlərin nəticələrinə görə transsərhəd çayların,
xüsusilə də Oxçuçayın ağır metallarla ciddi şəkildə çirkləndiyi
aşkar edilib. Həm su ehtiyatlarının özü, həm də dib çöküntüləri
ağır metallarla çirklənməyə məruz qalıb. Bunun da əsas mənbəyi
Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələridir.
Çirklənmə prosesi işğal vaxtında olduğu kimi, indi də davam edir.
Sanki Oxçuçay tullantı sularının kollektoru kimi istifadə olunur.
Bununla da çayın ekoloji mühiti və balansı pozulub.
Oxçuçayın ekoloji böhran vəziyyəti və çirklənmənin davamlı
olması nəticəsində ətraf ərazilərin ekoloji riskləri ilə bağlı
müvafiq məlumatlar beynəlxalq qurumlara bildirilib. Həmçinin,
lazımi təşkilatlar qarşısında iddialar qaldırılıb. Oxçuçayın
çirklənməsinin qarşısının alınması, bərpası ilə bağlı elmi
yanaşmalardan istifadə edərək reabilitasiya proqramının
hazırlanması məqsədilə müvafiq tədqiqat qrupu da yaradılıb. Qeydə
alınan ölçmə nəticələri, hər bir qiymətləndirmə, aşkar olunan
faktların hamısı sənədləşdirilir. Sonda bütün bu sənədlər müvafiq
qurumlara təqdim olunacaq və çirklənməni törədən şirkətlər,
müəssisələr qarşısında məsələ qaldırılacaq. Azad olunan ərazilərdə
işğal müddətində fəaliyyət göstərən, təbiətə, ətraf mühitə, su
ehtiyatlarına, çaylara zərər vuranlar mütləq şəkildə məsuliyyətə
cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər”,
-F.Mütəllimov deyib.