İşğal dövründə mineral xammal ehtiyatları istismar olunaraq talan edilib – Nazir müavini

Xəbər - Humay Ağacanova – Trend:

İşğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarının istismarı ilə bağlı vəziyyət acınacaqlı olub. Bu bölgədə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək dövlət balansında qeydiyyata alınıb.

AzerTimes-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğal dövründə qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib.

Nazir müavini Şərqi Zəngəzur və Qarabağ bölgəsinin su ehtiyatları baxımından çox zəngin olduğunu bildirib:


“Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, ekoloji əhəmiyyətə malik 7 göl və təbii mineral bulaqlar mövcuddur. Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçayın ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən bu çayların ağır metallarla ifrat dərəcədə çirkləndirildiyi müəyyən edilib.”

O həmçinin qeyd edib ki, xüsusilə, Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib. Oxçuçayın kəskin çirkləndirilməsi fauna növlərinin də kütləvi məhv olmasına səbəb olub.

Bununla yanaşı işğal dövründə Sərsəng su anbarına texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 40 000 nəfər əhali üçün potensial təhlükə mənbəyi olub. Suyun ərazinin mövsümi ehtiyacları nəzərə alınmadan, qış aylarında verilməsi nəticəsində yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri,kommunikasiya xəttləri su altında qalıb.İsti yay mövsümündə isə suyun qat-qat az miqdarda verilməsi kəskin su qıtlığı yaradıb və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanıb.

Teqlər: